Ulu Öndər ölkəmizi böyük faciələrdən xilas etdi

2 Oktyabr 2024 13:25 (UTC+04:00)

Ulu Öndər ölkəmizi böyük faciələrdən xilas etdi, Azərbaycanın bugünü üçün möhkəm təməl yaratdı. 1993-cü ilin oktyabrında keçirilmiş prezident seçkiləri müstəqil Azərbaycan dövləti üçün ilk mərhələ oldu.

Lider Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmasaydı, bu gün Azərbaycan adlı dövlətin varlığından danışmaq absurd olardı. Azərbaycan 1991-ci ilin oktyabrında dövlət müstəqilliyini bərpa etsə də ilk illərdə həyatının bütün sahələrində hökm sürən siyasi böhranlı ölkəni tam parçalanmaq həddinə gətirmişdi. 1991-1993-cü illər ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq və qeyri-peşəkar idarəetmə dövrü kimi xarakterizə edilir. Siyasi hərc-mərclikdən çıxış yolunu axtaran Azərbaycan xalqı ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışında gördü. Onu da qeyd etmək lazımdır ki, 91 nəfər ziyalının 1992-ci ilin oktyabrında ulu öndər Heydər Əliyevə Yeni Azərbaycan Partiyasının yaradılması ilə bağlı “Azərbaycan Sizin sözünüzü gözləyir” müraciətində də o dövrün reallıqları əksini taparaq ölkəmizi düşdüyü çətin vəziyyətdən yalnız Ümummilli Liderin xilas edə biləcəyi qeyd edilmişdir. Vətənini canından artıq sevən Heydər Əliyev bu müraciətə müsbət cavabı ilə bugünkü Azərbaycanın xilasına imza atdı. Heç bir il keçməmiş – 1993-cü ilin oktyabr ayında Heydər Əliyev xalqın mütləq əksəriyyətinin dəstəyi ilə Prezident vəzifəsinə seçildi və ölkəmizin böhrandan çıxma prosesinə başlanıldı. 3 oktyabr 1993-cü il tarixində keçirilmiş prezident seçkiləri müstəqil Azərbaycan dövləti üçün ilk mərhələ oldu. Xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Prezident seçilən Ulu Öndər ölkəmizi böyük faciələrdən xilas etdi, ölkə sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna qədəm qoydu, qlobal enerji-nəqliyyat layihələrini reallaşdırmaqla Azərbaycanın bugünü üçün möhkəm təməl yaratdı. Ulu Öndərin rəhbərliyi ilə demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunda atılan inamlı addımlar, həyata keçirilən sosial-iqtisadi islahatlar respublikamızın milli inkişaf modelinin formalaşması prosesini daha da sürətləndirdi. Heydər Əliyev ilk gündən bəyan etdi ki, siyasi sabitliyə nail olmadan yeni idarəetmə sisteminə keçidi reallaşdırmaq, bazar iqtisadiyyatı və demokratiya kimi fundamental prinsiplərin tətbiqinə nail olmaq qeyri-mümkündür. Böyük dövlətçilik təcrübəsi və istedadına malik ümummilli lider Heydər Əliyev aydın dərk edirdi ki, gənc və gücsüz, təcrübəsiz və müharibə aparan müstəqil Azərbaycanı bir dövlət kimi qurmaq, ayağa qaldırmaq, yaşatmaq, möhkəmləndirmək və qüdrətləndirmək üçün bütün vətəndaşların ümumi bir məqsəd ətrafında birləşməsi gərəkdir. Ümummilli lider Heydər Əliyevin siyasi uzaqgörənliyinin məntiqi nəticəsi olaraq 1994-cü ildə "Əsrin müqaviləsi"nin imzalandı. Bu müqavilənin əsas mahiyyəti ölkənin malik olduğu təbii sərvətlərdən Azərbaycan xalqının rifahı naminə daha uğurlu şəkildə istifadə etməyə əsaslanır. Çoxlarına əfsanə kimi görünən Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft-qaz layihələri, onların davamı olaraq isə Cənub Qaz Dəhlizi reallığa çevrildi. Bu gün Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatına töhfələri təqdir edilir. Öz gücünə, iradəsinə və Azərbaycanın gələcəkdə güclü və müstəqil bir dövlət olaraq intişar tapmasına varlığı qədər inan Ümummilli Lider deyirdi: "Azəbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir". Ulu Öndərin müyyənləşdirdiyi və gələcəyə hesablanmış siyasəti onun layiqli davamçısı Prezident İlham Əliyev reallığa çevirdi. Ulu öndər Heydər Əliyev adını tarixə müstəqilliyimizin, onun layiqli davamçısı, Prezident İlham Əliyev isə torpaqlarımızın xilskarı kimi yazdı. Azərbaycan Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, Ordumuzun gücü, qüdrəti sayəsində Zəfər tarixini yazdı. Ədalətə və beynəlxalq hüquqa əsaslanan xarici siyasətinin nəticəsi olaraq Azərbaycan öz qüdrətini dünyaya nümayiş etdirdi. Eyni zamanda, “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə 2023-cü il ”Heydər Əliyev İli” elan olunmuş və Ulu Öndərin 100 illik yubileyi Azərbaycanda dövlət səviyyəsində təntənəli şəkildə qeyd edilmişdir. Bütün bunlar isə dahi şəxsiyyətə böyük ehtiramın, yüksək dəyərin bariz nümunəsidir.

Təhmasib Rüstəmov

YAP Qubadlı Rayon Təşkilatının sədri