Ombudsmanların Beynəlxalq Bakı Forumu işini panel sessiyalarla davam etdirir - FOTOLAR

2 Oktyabr 2024 13:15 (UTC+04:00)

Oktyabrın 2-də “İqlim dəyişikliyi və insan hüquqları: ombudsmanların və milli insan hüquqları təsisatlarının rolu” mövzusunda təşkil olunan Beynəlxalq Bakı Forumu işə başlayıb. SİA xəbər verir ki, beynəlxalq tədbirdə 30-a yaxın ölkədən ombudsman və milli insan hüquqları təsisatlarının təmsilçiləri, informasiya komissarları, dövlət orqanlarının yüksək vəzifəli şəxsləri, vətəndaş cəmiyyəti institutlarının, bir sıra beynəlxalq qurumların rəhbər və nümayəndələri, iqlim dəyişikliyi və insan hüquqları sahəsində ekspertlər iştirak edirlər.

Forumun keçirilməsində məqsəd qlobal iqlim dəyişikliklərinin yaratdığı problemləri və onların həlli yollarını insan hüquqları perspektivindən müzakirə etmək, bu sahədə mövcud müsbət təcrübələri paylaşmaqdan ibarətdir.

Tədbir çərçivəsində Ombudsman və BMT-nin İnkişaf Proqramı tərəfindən tələbələr üçün elan edilmiş “İqlim dəyişikliyi və insan hüquqları” mövzusunda araşdırma-yazı müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

Forum öz işini panel sessiyalarla davam etdirir. İştirakçılar “İqlim dəyişikliyi ilə mübarizəyə dair təşəbbüslərdə milli insan hüquqları təsisatları və ombudsman institutlarına dəstək strategiyaları”, “İqlim dəyişikliyi və onun təsirləri haqqında məlumata ictimai əlçatanlıq”, “İqlim dəyişikliyi ilə mübarizədə çoxtərəfli əməkdaşlıq”, “İqlim dəyişikliyinin müharibənin partlayıcı qalıqları və minalarla çirklənmə ilə əlaqəsi” və “İqlim dəyişikliyi kontekstində biznes hesabatlılığının təşviqi” mövzularında müzakirələr aparır, fikirlərini bildirir, qlobal problemin həlli istiqamətində təkliflərini səsləndirirlər.