Hazırda 3 min 979 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb

2 Oktyabr 2024 10:29 (UTC+04:00)

Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında 2024-cü il oktyabrın 1-nə olan məlumatlara əsasən, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 3 min 979 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. Onlardan 3 min 973 nəfəri Birinci Qarabağ müharibəsində, 6 nəfəri isə Vətən müharibəsində itkin düşüb. SİA xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev “İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin həqiqəti bilmək hüququnun dəstəklənməsi mövzusunda keçirilən beynəlxalq konfransda söyləyib.

O bildirib ki, Vətən müharibəsindən və lokal xarakterli antiterror tədbirlərindən sonra erməni işğalından azad edilmiş ərazilərdə məzar yerlərinin müəyyən olunması, zəruri qazıntı və ekshumasiya işlərinin aparılması ilə itkin vətəndaşlarımızın taleyinə aydınlıq gətirilməsi Prezident İlham Əliyevin Dövlət Komissiyasının qarşısında qoyduğu ən ümdə vəzifədir.