"Ermənistan daim kənardan idarə olunan bir dövlət olub. Ermənistan heç vaxt müstəqil siyasət yeritməyib". Bu sözləri SİA-ya açıqlamasında deputat Aydın Hüseynov deyib.
O bildirib ki, eyni zamanda həmişə böyük güclərin əlində Ermənistan digər dövlətlərə siyasi təzyiq vasitəsi kimi istifadə olunub: "İndi də bu, davam edir. Ona görə də Ermənistan öz xarici siyasətini konkret müəyyənləşdirməyib. Azərbaycanın təklif etdiyi, həm də tələb etdiyi sülh müqaviləsində göstərilən müddəalar tamamilə regionda sülhün dayanıqlı və daimi olmasını təmin edən maddələrdir. Digər tərəfdən regionda iqtisadi inkişafa təkan verən hadisələrdir. Bu regionda yaşayan həm xalqlar, həm dövlətlər üçün çox məqbul təkliflərdir. Ermənistan isə gah Şimala, gah da Qərbə üz tutur.
Hal-hazırda məlumdur ki, Ermənistan Rusiya ilə körpüləri demək olar ki, yandırıb. Qərbə daha çox meyl edir. Daha doğrusu Qərbin çətiri altında fəaliyyət göstərmək istəyir. Qərbin marağı isə ondan ibarətdir ki, regionda söz sahibi olsun. Regionda isə konkret olaraq söz sahibi Azərbaycandır. İqtisadi, siyasi, hərbi baxımdan Azərbaycan regionda xüsusilə, Cənubi Qafqazda güc mərkəzidir".
"44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın bu qələbəsini həzm edə bilməyənlər, Azərbaycanın öz suveren ərazisində tam siyasət həyata keçirməsini qəbul edə bilməyənlər, eyni zamanda regiondakı böyük logistik imkanlara nəzarət etmək istəyənlər Ermənistan vasitəsilə Azərbaycana təzyiq etmək istəyirlər. Sülhün gecikməsini şərtləndirən məsələlər bunlardır. Bu isə mümkün olmayacaq. Çünki 30 il ərzində Ermənistanı dəstəkləyən konkret qüvvələr, onu silahlandıran ölkələr elə Ermənistanın timsalında Azərbaycana məğlub olmuş oldu. Ölkə Prezidenti bu barədə öz fikirlərini açıq şəkildə səsləndirdi. Prioritet istiqamətləri müəyyənləşdirdi. Dedi ki, biz ordumuzu daha da gücləndirəcəyik, təhlükəsizliyimizin təmin olunması üçün tədbirlər görüləcək. Bu baxımdan maliyyə vəsaitlərinin ayrılması olacaq. Eləcə də sərhədlərimizin qorunması sahəsində görülən işlər Azərbaycanın müdafiəsini daha da möhkəmləndirəcək. Digər tərəfdən isə bizim iqtisadi qüdrətimiz getdikcə daha da artır. Azərbaycan müstəqil siyasət həyata keçirir. Müstəqil siyasəti həyata keçirən ölkəmiz Vətənimizə qarşı istənilən təhdidlərin qarşısını almağa qadirdir.
Sonda isə bu proseslərdə Ermənistan sülh müqaviləsini nə qədər tez bağlasa, onun üçün daha vacibdir. Azərbaycan isə sülhün olması üçün təşəbbüs göstərir. Bu dayanıqlı sülhün olması üçün Ermənistan konstitusiyasını dəyişməlidir" - deyə o, əlavə edib.