Azərbaycanın müstəqil və güçlü iqtisadiyyatı öz bəhrəsini verir

1 Oktyabr 2024 15:58 (UTC+04:00)

Bayram Aslanov,

YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri

2024-cü ilin başa çatmasına üç ay vaxt qalıb. Sentyabrın 26-da iqtisadi məsələlərə həsr olunmuş müşavirədəki nitqində ölkəmizin başçısı cənab İlham Əliyev məhz yola saldığımız ötən 9 ayda əldə etdiyimiz nailiyyətlərə, bütün istiqamətlər üzrə qarşıya qoyulan vəzifələrə diqqəti yönəldib.

İlin əvvəlindən iqtisadi inkişaf gözlənilən səviyyədə olduğunu bildirən Prezident İlham Əliyev onu da qeyd edib ki, bu il iqtisadiyyatımız üçün uğurlu olacaq. İlin əvvəlindən əldə edilmiş nəticələr və iqtisadi göstəricilər mənim sözlərimi təsdiqləyir. İqtisadi artım 4,3 faiz təşkil edib. Bugünkü dünyada gedən prosesləri təhlil edərkən və ümumiyyətlə, geosiyasi vəziyyətə nəzər saldıqda deyə bilərəm ki, bu, çox müsbət göstəricidir. İqtisadi inkişaf templəri inkişaf etmiş bir çox ölkələrdə olan iqtisadi inkişaf templərini üstələyir. Xüsusi əhəmiyyət daşıyan məqam ondan ibarətdir ki, qeyri-neft sektorumuz 7 faiz artmışdır. Bu da onu göstərir ki, ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində atılmış addımlar və düşünülmüş islahatlar siyasəti öz bəhrəsini verməkdədir.

Bizim əsas hədəfimiz iqtisadiyyatımızı bundan sonra daha da şaxələndirmək və dayanıqlı inkişaf modelini təkmilləşdirmək olduğunu vurğulayan Prezident İlham Əliyev inflyasiyanin ilin əvvəlindən cəmi 1 faizdən bir qədər çox olmuşdur:"Bu da çox müsbət göstəricidir. Mən artıq bəyan etdim ki, gələn il minimum əməkhaqqı və minimum pensiya artırılacaq, baxmayaraq ki, inflyasiya çox aşağı səviyyədədir, baxmayaraq ki, ölkə qarşısında duran vəzifələr böyük maliyyə vəsaiti tələb edir, ilk növbədə, hərbi, hərbi sənaye kompleksinin inkişafı, Qarabağın və Şərqi Zəngəzurun bərpası ilə bağlı. Bütün bunlara baxmayaraq, biz həssas təbəqə sayılan vətəndaşlarımızın da rifah halının yaxşılaşdırılması üçün əlimizdən gələni edirik. Bu yaxınlarda Azərbaycan Milli Məclisində etdiyim çıxışda bütün o rəqəmlər diqqətə çatdırılmışdır. Təkrar etmək istəmirəm, son beş il ərzində Azərbaycanda nə qədər böyük sosial islahatlar paketi reallaşdırıldı".

Müstəqil Azərbaycanın gücünün, qüdtətinin inkişaf etməsi sayəsində bütün dünya Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və yenidənqurma işlərinin fonunda ölkəmizin təkbaşına, yalnız öz daxili imkanları hesabına necə nəhəng layihələr həyata keçirdiyini görür. Düşmənin 30 il ərzində xarabalığa çevirdiyi torpaqların, şəhər və kəndlərimizin yenidən çəhhətə çevrilməsi ölkəmizin iqtisadi inkişafının bariz nümunəsidir. Ən əsası, erməni faşizminin canlı şahidi dağıdılmış şəhər və kəndlərimizdə indi genişmiqyaslı quruculuq işləri, dünyanı heyrətə salan layihələr reallaşdırılır. Qəddar işğala, ağlasığmaz dağıntılara və vəhşiliklərə məruz qalmış yurd yerləri insanların rahatlığı üçün ən gözəl görkəmdə müasir dünya təcrübəsindən faydalanaraq yenidən bərpa edilir. Bu da Azərbaycanda güclü siyasi iradənin olmasının, xalq-iqtidar birliyinin, həmrəyliyinin göstəricisidir.

Ölkə Prezidenti cənab İlham Əliyev eyni zamanda müşavirədə iqtisadi inkişaf templərinin bu ilin sonuna qədər saxlanılacağını açıqlayıb: "Nəzərə alsaq ki, indi gələn ilin büdcəsi müzakirə olunur və büdcənin parametrləri də daha genişmiqyaslı olacaq, - gələn il də iqtisadi inkişaf templəri lazımi səviyyədə olacaq".

Azərbaycan vətəndaşlarının rifahı, onların yaşayış səviyyəsi daim diqqət mərkəzindədir və imkan daxilində dövlət bu məsələləri həll edir. Bu gün Azərbaycanın beynəlxalq nüfuzunun artması, regionda enerji-nəqliyyat qovşaqlarının yaradılmasında rolunun güclənməsi, qeyri-neft sektorunun rekord addımlarla irəliləməsi dünya enerji siyasətində rolunu artırır. Bunun nəticəsidir ki, nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycanda müşahidə olunan inkişaf proseslərini yüksək qiymətləndirirlər. Ölkəmizin dinamik inkişafı istər yerli, istərsə də beynəlxalq təşkilatlar tərəfindən etiraf olunur və təqdir edilir. Bütün bunlar bir daha təsdiqləyir ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən hərtərəfli islahatlar konkret nəticələrə hesablanıb və yürüdülən sosial-iqtisadi siyasət Azərbaycan vətəndaşının rihafının daha da yaxşılaşdırılmasına yönəldilib.

Bir sözlə, ölkə Prezidentimiz cənab İlham Əliyevin vurğuladığı kimi:" Ölkəmizin hərbi potensialının gücləndirilməsi, təhlükəsizliyin təmin edilməsi, dövlət sərhədlərinin qorunması, hərbi sənaye kompleksinin inkişafı, təhsil xərcləri, Qarabağın və Şərqi Zəngəzurun bərpası və digər layihələr. Həm sosialyönümlü layihələr, sosial infrastrukturla bağlı olan layihələr, həm də ümumi infrastrukturla bağlı olan layihələr - bütün bunlar bizim Dövlət İnvestisiya Proqramında öz əksini tapacaq".

Müşavirədə müzakirə edilən məsələlər bir daha göstərdi ki dövlətimizin maliyyə imkanları yüksəldikcə ölkəmiz sürətlə inkişaf edir. yap.org.az