Bu, qanunsuz işğal cəhdidir - Türkiyə XİN

1 Oktyabr 2024 13:32 (UTC+04:00)

Türkiyə Xarici İşlər Nazirliyi İsrailin Livana qurudan hücumunun qeyri-qanuni işğal cəhdi olduğunu vurğulayıb. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, Xarici İşlər Nazirliyi İsrailin Livana qurudan hücuma keçməsi ilə bağlı açıqlama verib.

Açıqlamada aşağıdakı ifadələr yer alıb: "İsrailin Livana qurudan hücum edərək bu ölkənin suverenliyini və ərazi bütövlüyünü pozması qeyri-qanuni işğal cəhdidir. Bu hücum mümkün qədər tez başa çatmalı və İsrail əsgərləri Livan ərazisindən geri çəkilməlidir. Sözügedən hücum təkcə regional ölkələrin deyil, qeyri-regional ölkələrin də təhlükəsizliyini və sabitliyini hədəfləyir. Bu təhlükəli işğal cəhdi nəticəsində yeni miqrasiya dalğasının yaranacağı və ekstremistlərin bütün dünyada yer alacağı ehtimalı yüksəkdir. Bu hadisələrin İsrailə siyasi dəstək və silah verən ölkələrə də təsir edəcəyini unutmaq olmaz. BMT Təhlükəsizlik Şurası beynəlxalq hüquq normalarına əməl etməli və Livanın işğalına qarşı bu hücuma qarşı lazımi tədbirlər görməlidir. İsrailin törətdiyi hər bir cinayət həm də beynəlxalq hüquqa və BMT Nizamnaməsinə zərbədir. Digər tərəfdən, bölgədə əmin-amanlığın bərqərar olması üçün atılacaq əsas addım Qəzzada dərhal və daimi atəşkəsin yaradılmasıdır. Qəzzaya sülh gətirmək bütün bəşəriyyətin məsuliyyətidir".