Hansı halda məktəbəhazırlıq qruplarına ehtiyac qalmaz? - EKSPERT AÇIQLADI

1 Oktyabr 2024 11:54 (UTC+04:00)

“Biz bir çox halda təhsil sahəsində hər hansı bir ilkə imza atarkən, atdığımız addımı əsaslandırmaq üçün adətən dünya təcrübəsindən nümunələr gətiririk. Halbuki, beynəlxalq təcrübədə təhsilə münasibətdə müxtəlif fərqli yanaşmalar var. Məsələn, biz dünya təcrübəsinə istinad edərək kurrikulum sisteminin tətbiqinə başlamışıq, halbuki bir çox ölkələr bu sistemdən imtina ediblər. Başqa bir misal. Biz Boloniya prosesinə qoşulmuşuq, Halbuki, bu prosesə qoşulmayan xeyli sayda ölkə mövcudur. Biz 12 illik təhsili hədəfləmişik. Halbuki, dünya ölkələri içərisində 9 illik, 10 illik, 11 illik təhsillə kifayətlənənlər, hətta 13 və 14 illik təhsilə üstünlük verənlər belə var. Bu kimi misalların sayını xeyli artırmaq da olar”. Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Nadir İsrafilov deyib.

Nadir İsrafilov sözlərinə belə davam edib: “O ki, qaldı 6 və ya 7 yaşdan uşaqların məktəbə göndərilməsinə, bu sahə də fərqlilikdən xali deyil. Bu halda da biz bir neçə dünya ölkəsini nümunə gətirərək, uşaqlarımızı 5 yaşdan məktəbəhazırlıq qruplarına çəlb etməyimiz azmış kimi, hələ erkən təhsilə başlamaqla bağlı rəsmi fikirlər səsləndiririk. Halbuki, dünya təhsilinin ən aparıcı ölkələrindən olan Finlandiya şaqirdləri məktəbə 7 yaşından qədəm qourlar. Onu da unudur və ya nəzərə almırıq ki, Sovet dönəminin 70 ili ərzində kosmosa ilk yol açanlar, milyonlarla insanı pulsuz mənzillə,, təhsillə, səhiyyə ilə təmin edənlər məhz 7 yaşdan məktəbə gedənlər olub. O dövrün Azərbaycanımiz 60-70-ci illərdə öz elminin, mədəniyyətinin, incəsənətinin intibah dövrünü yaşayıb, dünya elminə, mədəniyyət və incəsənətinə neçə-neçə tanınmış şəxsiyyət və sənət əsəri bəxş edib.

Biz sanki, harasa, nəyəsə tələsirik. Yəqin ki, yaşlı və orta nəslin bir çox nümayəndələri xatırlamamış olmazlar ki, indi bəyənmədiyimiz sovet dönəmində hazırda “məktəbəqədər təhsil müəssisələri” “məktəbəqədər tərbiyə” müəssisələri adlanırdı. Bu müəssisələrtabeliyindən asılı olmayaraq uşaqların ictimai tərbiyəyə cəlb edilməsində ailə və cəmiyyətin təlabatını ödəyir, milli və ərazi xüsusiyyətlərinə uyğun olaraqməktəbəqədər yaşlı uşaqların harmonik inkişafını və tərbiyəsini təmin etmək, onların fiziki və ruhi sağlamlığını möhkəmləndirmək, uşaqlara qayğı göstərmək və onların emosional sağlamlığını təmin etmək, uşaqların bir-biri ilə əlaqələrini və münasibətlərini tənzimləmək; uşaqların məktəbə hazırlanmasını təmin etmək, uşaqlarda başqalarının hüquqlarına və böyüklərə hörmət hissi tərbiyə etmək, uşağın hərtərəfli inkişafını təmin etmək məqsədilə müntəzəm olaraq ailə ilə qarşılıqlı əlaqə saxlamaq missiyasını yerinə yetirirdilər.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 yanvar 1995-ci il tarixli Sər’ncamı ilə təsdiq olunmuşAzərbaycan Respublikası Məktəbəqədər tərbiyə müəssisələri haqqında Əsasnamə”yə əsasən məktəbəqədər təhsil müəssisəsi – məktəbəqədər təhsilin dövlət standartlarına uyğun olaraq məktəbəqədər yaşlı uşaqların təlim-tərbiyəsini, əqli, fiziki, mənəvi inkişafını və ümumi təhsilə hazırlığını həyata keçirən təhsil müəssisəsi hesab edilmiş, məktəbəqədər təhsil haqqında Qanuna əsasən isə məktəbəqədər yaşlı uşaqların intellektual, fiziki və mənəvi inkişafına xidmət edən ilkin bilik, bacarıq və vərdişlərin mənimsənilməsi prosesi və onun nəticəsi olaraq rəsmiləşdirilmişdir. “Təhsil haqqında” Qanuna əsasən, digər təhsilalma formaları ilə yanaşı, məktəbəqədər təhsil, ibtidai təhsil,ümumi orta təhsil, tam orta təhsil pillələri və səviyyələri də müəyyən olunub

Nəhayət, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 iyul 2016-cı il tarixli 271 nömrəli qərarı iləümumtəhsil məktəblərində dövlət vəsaiti hesabına 5 yaşlıların məktəbəhazırlıq qruplarında təhsili həyata keçirilməyə başlanılmışdır. Hesab olunurdu ki, 5 yaşlıların məktəbə hazırlığının həyata keçirilməsi ibtidai sinif müəllimlərinin işini xeyli yüngülləşdirməklə yanaşı, onların əməyinin səmərəsini də yüksəldəcəkdir Bu məşğələlərin vəzifəsi uşağı məktəbə fiziki, intellektual və psixoloji cəhətdən hazırlamaqdır. Bu məqsədlə “Strategiya”da məktəbəqədər təhsillə yanaşı, məktəbə hazırlıq təhsilinin icbariliyinin də təmin olunması, erkən yaşlı uşaqların məktəbəqədər təhsillə əhatəsinin 90 faiz səviyyəsinə çatdırılması vəzifəsi irəli sürülüb. Göründüyü kimi istər məktəbəqədər təhsil müəssisəsinin, istərsə də məktəbəhazırlıq qruplarının vəzifələrində elə də əsaslı fərq yoxdur.

“Strategiya”dan söz düşmüşkən, hələ 10 il dən artıq bundan qabaq təhsilimizin əsas hədəflərini müəyyən edən bu vacib sənəddə bildirilirdi ki, məktəbəqədər təhsilə cəlb olunma səviyyəsi aşağıdır. Belə ki, məktəbəqədər təhsillə əhatə səviyyəsi şəhərlərdə 23,4, kəndlərdə 8,7, ölkə üzrə isə 16,5 faiz təşkil edirdi. Son illərdə Bakı şəhərində yeni məktəbəqədər təhsil müəssisələrinin inşası və ya əsaslı təmiri istiqamətində atılan addımlar nəticəsində məktəbəqədər təhsillə əhatə səviyyəsində artım müşahidə olunsa da, bu sahədə həllini gözləyən problemlər hələ də qalmaqdadır. Ölkənin yaşayış məntəqələrinin xeyli hissəsindəməktəbəqədər təhsil müəssisəsi yoxdur. Strategiyanın qəbul edilməsindən sonra da xeyli sayda uşaq bağçası tikilməsinə baxmayaraq, bu defisit hələ də qalmaqdadır.

Məktəbəhazırlıq qruplarına və bununla bağlı uşaqların məktəbə 5 yaşından cəlb olunmasına ehtiyac yaranmaya da bilərdi, əgər bütün uşaqlar uşaq bağçaları ilə əhatə olunsaydı və məktəbə hazırlığı məktəblərdə deyil, məktəbəqədər təhsil müəssisələrində keçsəydi. Əgər uşaq bağçası defisiti aradan qaldırılarsa, məktəbəhazırlıq qruplarına ehtiyac qalmaz. Bu halda uşaqlar artıq 5 yaşdan yox, 6 yaşdan məktəbə getmək imkanı əldə edə bilərlər. O ki, qaldı uşaqların bir çox ölkələrdə və əvvəllər bizdə də olduğu kimi 7 yaşdan məktəbə getməsinə bu bu günümüz üçün hələ ki o qədər də real görünmür. Bunun üçün tədris planları, təhsil proqramları yenidən dəyişdirilməli, ümumtəhsil məktəbinin strukturuna yenidən baxılmalıdır. Belə bir dəhişiklik bir çox valideynlər tərəfindən birmənalı da qarşılanmaya bilər...”.

Ayşən Vəli