“Oyuncaqların heç biri bakterioloji və toksikoloji analizdən keçirilmir” - EKSPERT MÜNASİBƏT BİLDİRDİ

1 Oktyabr 2024 10:26 (UTC+04:00)

“Hazırda kütləvi oyuncaq bazarındakı məhsulların çoxu Çin istehsalıdır. Az miqdarda Rusiya, İran, Türkiyə və s. ölkələrin istehsalı da var, amma onların payları 20 faizdən çox olmaz. O məhsulların qiyməti baha olduğundan, alıcısı elə də çox deyil. Sahibkarlara Çindən başqa ayrı yerdən oyuncaq gətirmək sərfəli deyil. Hamı ucuz oyuncaq almaq istəyir. Çin oyuncaqları isə olduqca ucuz qiymətə gəlir”. Bu sözləri SİA-ya açıqlamasında Sağlam Cəmiyyət Hərəkatının eskperti Lalə Mehralı deyib.

O bildirib ki, bəzi oyuncaqların qiyməti o dərəcədə ucuz olur ki, sanki bu məhsulun maya dəyəri və daşınma xərci pulsuz başa gəlir: “Səbəbi sadədir, təkrar emal sənayesi. Çin bu sahədə inqilab edir, ağlınıza gələcək hər şeyi təkrar emal edərək istehsal edir, xüsusilə də geyim, plastik qab-qacaq və oyuncaq bazarı təkrar emal sənayesinin hesabına çiçəklənir.

Əvvəllər Çin istehsalı olan oyuncaqların rənglənməsində istifadə edilən boyalardan birinin - fenolun normadan 60 dəfə, qurğuşunun 10 dəfəyə qədər çox olduğu barədə dünya mediasında məlumatlar yayılırdı. Son illər isə bu haqda demək olar ki heç bir material yayımlanmır. Ya dünya Çinin oyuncaq sənayesindəki liderliyi ilə barışıb, ya da Çin standartlarını keyfiyyətli həddə gətirib.

Azərbaycana idxal olunan oyuncaqların hamısı bakterioloji və toksikoloji analizdən keçirilmir. İstənilən halda, söhbət uşaqların sağlamlığının təhlükəsizliyindən gedirsə nəzarət mütləqdir. Amma bizim bazarlardakı oyuncaq satışı məntəqələrinin neçə faizində keyfiyyət sertifikatı var, o da müəmmalıdır. Çin oyuncaqları hər büdcəyə uyğundur, hər ailə üçün əlçatandır, bazardakı yerini də buna görə qoruyub saxlaya bilir. Sovet İttifaqı dövründə respublikamızda Oyuncaq Fabriki olub, ittifaq dağılan kimi o da dağıldı. Biz təkrar emal edə bilmərik? Əlbəttə ki edə bilərik. Özü də hər şeyi yox, yalnız ekoloji təmiz məhsulları təkrar emalla oyuncağa çevirmək olar, həm sərfəli, həm də yerli. Beləcə həm ekologiyanı qoruya bilərik, həm də bazara öz məhsulumuz çıxar”.