FHN: Masazırda aşkarlanan hərbi sursatlar ərazidən kənarlaşdırılıb

30 Sentyabr 2024 18:10 (UTC+04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 qaynar telefon xəttinə Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində hərbi sursatların aşkar edilməsi barədə məlumat daxil olub.

SİA-nın əldə etdiyi məlumata görə, nazirliyin mətbuat xidmətindən bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların döyüş tətbiqinə yararlı 9 ədəd F-1 əl qumbarası, 1 ədəd RQD-5 təlim əl qumbarası və 4 ədəd UZRQM partladıcısı olduğu müəyyən olunub.

Sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.