"Azərbaycanda ailələr həlli təxirəsalınmaz problemlərlə rastlaşır" - PSİXOLOQ İZAH ETDİ

30 Sentyabr 2024 17:23 (UTC+04:00)

"Ailə dəyərlərində hər zaman uşaqla tərbiyə məsələləri önəmlidir". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib.

Psixoloq bildirib ki, amma biz təəssüflər olsun ki, tərbiyə edərkən hər zaman uşaqların böyüyə hörmət etməsini, özlərini yaxşı aparmaq lazım olduğunu, söz dinləmələri və sair barədə məsləhət veririk: "Amma heç vaxt övladımızın gələcək həyatını necə qurması ilə bağlı danışmırıq. Bəzi ailələr bu qərarı özləri verdikləri üçün düşünürlər ki, uşaq ailə qurandan sonra da onun üstündə olacaqlar, nə lazımdırsa ona edəcəklər. İndidən ehtiyac olmadığını düşünürlər.

Yaxud da, uşağı ayıltmağın düzgün fikir olmadığını düşünürlər. Əlbəttə ki, yeniyetməlik yaşına çatan bir uşağa mütləq şəkildə bunlar deyilməlidir. Uşaq bu haqda məlumatlanmalıdır, yeniyetməlikdə evlilik yaşını, ailə dəyərləri haqqında bilməlidir. Ailə başçısının kim olduğunu, kimin sözünün keçərli olduğu haqqında məlumata sahib olmalıdır.

Ailə dəyərləri deyərkən övlada, həyat yoldaşına olan sevgi, qadının yoldaşına etdiyi hörmət, dəyər və sair mütləq bilinməlidir. Müstəqil Azərbaycanda həyata keçirilən dövlət ailə siyasəti milli-mənəvi dəyərlərdən qaynaqlanır və bilavasitə onun təcəssümüdür. Bu da ölkədə ailəyə verilən qiymətin bariz ifadəsidir. Cəmiyyətin və dövlətin formalaşması və inkişafında ailə mühüm vasitədir. Fiziki və mənəvi baxımdan sağlam ailə sağlam cəmiyyətin, güclü dövlətin özülüdür. Bu gün dünyanın hər bir yerində olduğu kimi, Azərbaycanda da ailələr həlli təxirəsalınmaz problemlərlə rastlaşır. Ona görə də uşaq evdəki rolları bilməlidir. Körpə yaşından uşaqlara bunlar öyrədilməlidir ki, özləri də ailə qurarkən bunlara hazır olsunlar".