Avropa İttifaqından növbəti DİLETANTLIQ – TƏHLİL

30 Sentyabr 2024 17:11 (UTC+04:00)

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsinin sözçüsü Peter Stanonun Ermənistanın dövlət mediasına müsahibəsində dediklərindən belə görünür ki, o özünü Avropa İttifaqının yox, Ermənistanın rəsmisi kimi aparır. Hətta həmin müsahibənin süni, məqsədyönlü şəkildə təşkil edildiyi də dərhal hiss olunur və yalana əl atmaqla Stano öz diletantlığı ilə seçilir.

Doğan suallar Piter Stanonun mahiyyətini, əsl diletant olduğunu ortaya qoyur

Peter Stanonun yuyulmamış qaşıq kimi qəflətən ortaya atılması, mənasız fikirlər səsləndirməsi bir sıra suallar doğurur. Sözsüz ki, doğan suallar da həmin sözçünün mahiyyətini, yəni, əsl diletant olduğunu ortaya qoyur. İstənilən halda Ermənistanı müdafiə etmək kimi bir məqsədin olduğu göz önündədir və avropalı diplomat tərəfindən uydurulanların əsassız olduğu, arqumentlərinin də saxta, eləcə də boş olması bir sıra məqamlara aydınlıq gətirmək üçün kifayət edir. Daha dəqiq desək, Stanonun məhz belə “canfəşanlığının” pərdəarxasında nələrin olması ortaya çıxan suallardan aydın olur.

Maraqlıdır, nəyə görə Stano iddia edir ki, dırnaqarası həmin o “müşahidə missiyası” Ermənistan hakimiyyətinin tələbi ilə fəaliyyətə başlayıb? Bunu ondan soruşan olubmu və ümumiyyətlə, Avropa İttifaqı hansısa ölkə, xüsusən də Ermənistan hakimiyyətinin tələbi iləmi öz işini qurur? Hətta belədirsə əgər, niyə Aİ rəsmisi öz fikrini bəs əsaslandırmır və arqumentlə çıxış etmir? Həmin o dırnaqarası “müşahidə missiyası” dediyinin mülki və silahsız olduğunu iddia etdiyi zaman, məqsədinin də regiona sülh gətirmək olduğunu söylədiyi anda Stano görəsən niyə utanmır? Yəni, yalan danışmağa o qədər alışqanlıdır ki, həmin yalanları söylədiyi zaman nəinki üzü qızarmır, heç tükü də tərpənmir? Belə çıxır ki, diletantlıq ənənəsinə sadiqdir və buna çoxdan öyrəncəlidir.

Rəsmi Bakının mövqeyi nəzərə alınmırsa, deməli, missiya heç də qərəzsiz deyil

Haqqında qeyd olunan həmin o “missiyaya” dair razılaşmanın Ermənistanın tələbi ilə deyil, 2022-ci ildə Azərbaycanın da iştirak etdiyi Praqa görüşündə əldə olunduğu faktı onu deməyə əsas verir ki, Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsinin sözçüsü Stanonun dedikləri ağ yalandır. Xüsusən də missiyasının iki ay yarım müddətində Ermənistanın Azərbaycanla sərhəd bölgəsində fəaliyyət göstərəcəyinin rəsmi Bakı ilə də razılaşdırılması faktının üzərindən də Stanonun keçməsi onun nə dərəcədə diletant olduğunu təsdiqləyir. Soruşmaq ayıb olmasın, missiyanın fəaliyyəti 2022-ci ilin 19 dekabr tarixində başa çatmalı olduğu halda, nədən və niyə uzunmüddərli oldu? Nəyə görə əvvəlcə missiyada fəaliyyət göstərənlərin sayı 150 olduğu halda, sonra 1500 nəfərə çatdırılmalı oldu və hazırda əvvəlki sayından düz on dəfə çoxdur? Bəs Kanadanın məhz Aİ-nin “müşahidə missiyasında” təmsil olunmasını Peter Stano necə izah edə bilər? Əlbəttə ki, bu suallar qarşısında nəinki Stano, onun ağası sayılan Borel də aciz qalar. Bəli, ola bilsin ki, onun da əsassız fikirləri ola bilər, amma həmin fikirlər də haqqında qeyd olunan diletantın fikirlərindən zərrə qədər üstün ola bilməz. Missiyanın məqsədinin həqiqətən də mülki olduğunu, sülhə nail olmağa xidmət etdiyini, qərəzsiz olduğunu iddia edən Stano ilk öncə həmin missiyanın uzunmüddətli fəaliyyətə başlamaq məsələsində Azərbaycanın mövqeyinin niyə nəzərə alınmadığını izah etsin. Fəaliyyət coğrafiyası Azərbaycanla sərhəddə olduğu halda, rəsmi Bakının mövqeyi nəzərə alınmırsa, deməli, missiya heç də qərəzsiz deyil.

Kəşfiyyatçıların yerləşdirilməsinə müşahidə missiyası demək yalançılıqdır

Görünən odur ki, “müşahidəçi” adı altında bölgəyə peşəkar olan keçmiş hərbçilər və kəşfiyyatçılar yerləşdirilib. Təbii ki, onların da əsas missiyası sərhəddə yerləşdirilmiş Ermənistan qoşunlarını təlimatlandırmaq, koordinasiya etməkdir. Elə məhz müşahidəçilərin sayının artırılmasının məqsədi də bundan ibarət olduğu artıq özünü göstərir. Tamamilə aydın şəkildə bəlli olur ki, missiya heç də Stanonun iddia etdiyi kimi, “mülki və silahsız” deyil və məqsəd tamamilə başqadır. Bəs belə olan halda Stanonun dediyi nədir, yalan, uydurma, qondarma deyilmi və buna görə onu diletant adlandırmaqda haqlı deyilikmi? Əlbəttə ki, tamamilə haqlıyıq.

Daha bir məqam diqqəti cəlb etməyə bilməz və Peter Stanodan soruşmaq istərdik ki, əgər həmin o missiya mülkidirsə, sülhə xidmət edirsə, bəs sərhəd zonasında ermənilərin törətdikləri təxribata nə ad qoyulsun? Bəs nə üçün həmin o guya sülhə xidmət edən missiya erməni təxribatlarının qarşısını almır? Həmin o dırnaqarası “müşahidə missiyası” yəni ermənilərin təxribatlarının dayanmadığını, davamlı xarakterdə olduğunu müşahidə edə bilmirmi? Maraqlıdır ki, onda nəyi müşahidə edir? Görünür elə kəşfiyyaçıların yerləşdirildiyi missiya olduğu üçün “müşahidə” etdiyi də tamamilə başqadır. Daha dəqiq desək, Aİ-nin yerləşdirdiyi müşahidə missiyası yox, kəşfiyyatçılıq missiyasıdır və Stano da bunu etiraf etməməklə yalançılıq edir. Bir sözlə, kəşfiyyatçıların yerləşdirilməsinə müşahidə missiyası demək yalançılıqdır və bu yalançılığı Aİ rəsmisi özünə rəva bilir.

Özünü xəbərsiz kimi göstərmək bir doplomar üçün rüsvayçı haldır və onu yalançı kimi xarakterizə etməyə əsas verir

“Müdafiə potensialı üzərində işləmək və təhlükəsizlik sahəsində tərəfdaşlarını seçmək Ermənistanın suveren hüququdur”, deyən Peter Stefano hədsiz dərəcədə həyasızlıq edir. Əvvəla, Ermənistan kimdən müdafiə olunur ki, müdafiə potensialı üzərində işləmək, təhlükəsizlik sahəsində tərəfdaşlarını seçmək barədə düşünsün və guya sülh barədə düşündüyünü iddia edən bir ölkə, eləcə də missiyanın müdafiə barədə düşünməsi absurddur. Əgər Stefano Ermənistanın silahlanmasından xəbərsiz olduğunu göstərmək istəyirsə, lap ağ edir və yalançılığın maksimum həddini belə keçmiş olur. Həyasızcasına diletantlıq edir. Çünki Ermənistanın silahlanması da elə onun və ağasının nəzarəti, dəstəyi ilə reallaşır. Bu məlumatları, yəni Aİ tərəfindən Ermənistanın hərbi baxımdan dəstəklənməsini təsdiq edən kifayət qədər fakt və arqumentlər var və mediaya bu barədə yetərincə informasiyalar sızıb. Deməli, yenə də, bu rakursda da avropalı diplomat məhz diplomat kimi davranmır, diletantlıq edir. Hər halda, razılaşmaya görə Avropa İttifaqının Ermənistana təqribən 10 istiqamətdə dəstək verməsinin fonunda hansısa başqa iddiada olmaq, özünü xəbərsiz kimi göstərmək ən azından bir doplomar üçün çox rüsvayçı haldır və onu yalançı kimi xarakterizə etməyə əsas verir.

Ermənistanın silahlandırılmasına, hərbi dəstək verilməsinə hansısa don geyindirmək qəbuledilməzdir

Razılaşmaya əsasən Avropa İttifaqının Ermənistana on istiqamətdə dəstək verməsinin fonunda Peter Stanonun dediklərinin nə dərəcədə yalan, özünün də hansı həddə yalançı və diletant olduğuna zərrə qədər şübhə yeri qalmır. Əgər, qazılaşmada qeyd olunduğu kimi, Avropa İttifaqı Ermənistan ordusunu Avropa Sülh Fondu çərçivəsində maliyyələşdirəcəksə, müdafiə və təhlükəsizlik məsələləri üzrə mütəmad olaraq məsləhətləşmələr aparacaqsa, bəs hansı üzlə “Ermənistanın öz süveren hüququ” deyə bir cəfəngiyyat ortaya atılır? Ermənistan və Azərbaycanla sərhəddə müdafiə infrastruktunun, eləcə də mühəndis istehkamlarının yaradılmasına Aİ tərəfindən dəstək göstəriləcəyi razılaşmada qeyd olunursa, buna nə ad qoymaq olar? Bu, Ermənistanın Avropa İttifaqı tərəfindən birbaşa dəstəklənməsi demək deyilmi? Göründüyü kimi, qondarma Aİ “müşahidə missiyası” Azərbaycanla sərhəddə Ermənistanın istehkamlar yaratmasında birbaşa iştirakçıdır. “Mülki” adı altında missiyanın məqsədinin ilk növbədə Rusiya sərhədçilərinin yerini doldurmaq olduğu da göz önündədir və bütün bunların fonunda missiyanın “silahsız” olmadığına dair fikirlər və iddialar həddindən artıq dərəcədə gülüncdür. Eyni zamanda, avropalı diplomatın Ermənistanın silahlanmasını əsaslandırmağa çalışması, bunu suveren hüquq kimi təqdim etməsi onu deməyə əsas verir ki, Peter Stano da, ağası Borel də, onların təmsil olunduqları qurum da, bütövlükdə Qərb ölkələri də hayları silahlandırmağa çalışır, amma bunu gizlətmək üçün də bütün vasitələrə, yalana və diletantlığa da əl atır. Bununla hədsiz dərəcədə haqsızlıq və ədalətsizlik belə etməkdən çəkinmir. Çünki qonşu ölkənin torpaqlarını, 20 faizə yaxın ərazisini düz 30 ilə yaxın müddətdə, əsrin üçdə birinə yaxın dövrdə işğal altında saxlayan dövləti silahlandırmaq nəinki sülhə xidmət etmək, müşahidə missiyası kimi təmsil olunmaq, dəstək vermək deyil, ən böyük haqsızlığa rəvac vermək, ədalətsizlik etmək və bunu danmaqla da diletantlıq etmək deməkdir. Müharibədə, 44 günlük savaşda məğlub olduqları halda haylar əgər yenə də ərazi iddialarından əl çəkmirlərsə, Ermənistan Konstitusiyasında qondarma “miatsum”, yəni, Qarabağın Ermənistana birləşdirilməsi ideyasının dəstəkləməsi davam edirsə, Ermənistanın silahlandırılmasına, işğalçı ölkəyə hərbi dəstək verilməsinə Aİ və yaxud həmin qurumun Peter Stano kimi bir diplomatı hansısa don geyindirməyə çalışırsa, bu, qəbuledilməzdir. Belə görünür ki, öz ədalətsiz, haqsız mövqeyi sayəsində sülhə qarşı baş verə biləcək hadisələrin məsuliyyətini Ermənistanı silahlandıranlar nəinki başa düşmürlər, yaxud başa düşmək istəmirlər, ümumiyyətlə, etdiklərini ört-basdır belə etməyə çalışırlar və bunun üçün də Stano kimiləri yalana əl atırlar, diletantlıq edirlər.