Görkəmli bəstəkar Firəngiz Əlizadənin səfər təəssüratları

30 Sentyabr 2024 16:56 (UTC+04:00)

Müasir dövr Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli simaları deyəndə diqqətimiz Respublikanın Xalq artisti, Dünyanın “Sülh” artisti, AMEA-nın müxbir üzvü, professor, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadənin yaradıcılığı üzərində bərqərar olur. Bəstəkarın yaradıcılığı dünya musiqi sivilizasiyasının ən parlaq cəhətlərini özündə əks etdirərək yeni ifadə vasitələri ilə zəngin olan üslubla xarakterizə edilir. Odur ki, Firəngiz Əlizadə dünyanın ən məşhur musiqiçiləri tərəfindən sevilərək alqışlanan və daim ehtiyac duyulan bəstəkardır. Dünyaca məşhur musiqi kollektivlərinin sifarişi ilə qələmə aldığı əsərlər və ya digər əsərlərinin Amerika, Fransa, İngiltərə, Almaniya və başqa ölkələrin konsert salonlarında səslənməsi söylənilən fikrin əyani ifadəsidir.

Firəngiz Əlizadə yalnız bəstəkar kimi deyil, bir musiqişünas-alim, ictimai xadim kimi də həm Respublikamızda, həm də onun hüdudlarından uzaqlarda tanınan, hörmətlə qarşılanan və şöhrət qazanan görkəmli sənətkarımızdır.

Bu fikri təsdiq edən bir neçə faktlar gətirə bilərik. Elə haqqında bəhs edəcəyimiz bir müsabiqə də məhz bu qəbildəndir. Söhbət 2007-ci ildən Sankt-Peterburq şəhərində keçirilən məşhur bəstəkar Andrey Pavloviç Petrov adına Ümumrusiya bəstəkarlarının müsabiqəsindən gedir. Əvvəla, onu qeyd etməliyik ki, A.P.Petrov 1930-2006-cı illərdə Sankt -Peterburqda yaşayıb-yaradıb. O, müasir dövrün məşhur bəstəkarı olaraq musiqinin müxtəlif janrlarında dəyərli əsərlər yazıb. Buraya simfonik, kamera-instrumental, vokal və səhnə əsərləri daxildir. Bir çox ən məşhur kinofilmlərin də musiqisi A.P.Petrova aiddir. “Mən Moskvada addımlayıram” («Я шагаю по Москве»), “İşdə məhəbbət macərası” («Служебный роман») və bu kimi tanınmış filmləri qeyd edə bilərik. Yaradıcılığa çox tez, hətta yeniyetmə çağlarından 15 yaşından başlayan Petrov mahir bir musiqiçi kimi çoxlu sayda müsabiqə və festivallarda çıxışlar edib. Bir sözlə Rusiyanın musiqi həyatında silinməz izlər qoyan bəstəkarın xatirəsinə 2007-ci ildən təsis olunan müsabiqə onlarla musiqiçini öz ətrafına toplayır. Bu müsabiqəyə dünyanın ən məşhur musiqiçiləri münsiflər heyətinin sədri kimi dəvət alıblar. Onlardan Qiya Kançeli, Yuriy Temirkanov, Aleksandr Knayfel, Gennadiy Qladkov, Yevgeniy Doqa, Aleksey Rıbnikov, Aleksandr Raskatov, Dmitriy Yanov-Yanovskiy və başqalarının adlarını çəkə bilərik.

2019-cu ildən isə müsabiqənin münsiflər heyətinin sədri Xalq artisti, professor Firəngiz Əlizadədir.
Hər il ənənəvi olaraq sentyabr ayında keçirilən müsabiqə bu il də maraqlı hadisələrlə zəngin olub.
Festivaldan xoş təəssüratlarla qayıdan hörmətli bəstəkarımız Firəngiz Əlizadə ilə müsahibədən bəzi məqamlar:
“Müsabiqənin açılışı çox möhtəşəm oldu. Rusiyanın Mədəniyyət Naziri Olqa Lyubimova hamını salamlayaraq SSRİ Xalq artisti A.P.Petrovun öz əsərləri ilə rus xalqının qəlbində mühüm yer tutduğunu, onun musiqisindən bəhrələnən gənclərin bəstəkarlığa qədəm qoyub və bu müsabiqəyə də qatıldıqlarını vurğuladı.

Sentyabrın 18-i keçirilən müsabiqənin mətbuat hissəsində bəstəkarın irsinə dair maraqlı çıxışlar və yüksək səviyyəli müsahibələr aparıldı. Bildiyimiz kimi Petrovun qızı Olqa Petrova da bəstəkardır və vaxtilə o, atası ilə birlikdə bir neçə əsərlər də yazıb. 2007-ci ildən isə “A.P.Petrovun yaradıcılıq irsinin qorunması və inkişafı” Fondunun rəhbəridir. Əməkdar incəsənət xadimi Olqa Petrova A.P.Petrov adına Bəstəkarların müsabiqəsini həmişə yüksək səviyyədə keçdiyini qeyd edərək bu ilki müsabiqənin də iştirakçılarına uğurlar arzulayıb, yenə də yüksək səviyyədə keçəcəyinə əmin olduğunu bildirdi”.

Ümumiyyətlə, qeyd etməliyik ki, müsabiqənin çox maraqlı şərtləri var. İlk illərdə müsabiqəyə yalnız rusiyadan bəstəkarlar qatılırdılar. Növbəti illərdə isə xarici ölkələrdən də bəstəkarlar müsabiqədə iştirak etmək şansı qazandılar. Belə ki, müsabiqə öz dairəsini bir xeyli genişləndirdi.

Firəngiz Əlizadənin qeyd etdiyinə görə bu il müsabiqəyə 140 bəstəkarın əsəri təqdim olunub. Simfonik, mahnı və estrada əsərlərindən ibarət partituraları, bəzi əsərlərin isə elektron yazısı göndərilib. Əvvəlki müsabiqələrdən fərqli olaraq bu il 95 gənc bəstəkarın əsəri də müsabiqədə yer almışdı. Müsabiqə əsasən 3 nominasiya üzrə keçirilirdi.

Sentyabrın 20-də Sankt-Peterburq Akademik Filarmoniyasının simfonik orkestrinin ifasında Fyodor Lednyovun dirijorluğu ilə müsabiqəyə təqdim olunaraq münsiflər heyətinin qərarı ilə xüsusi yerlərə layiq görülən əsərlər səsləndi.

Belə ki, müsabiqədə təsdiq olunmuş yerlərə layiq görülən bəstəkarlar –

I yer – Sankt-Peterburqdan Artur Vabel (“Необратимость”–“Dönməzlik”), II yer – Nyu-Yorkdan çinli bəstəkar Zi Tao (“Mottetto”), III yer – Rusiya bəstəkarı Artyom Lauxin (“Tuba Mirum”) seçildi. Xüsusilə onu qeyd etmək yerinə düşər ki, müsabiqənin diplomu türk bəstəkarı Ufuq Biçaka təqdim olundu.

Sentyabrın 21-də “Ümidlərin sahili” adlı nominasiyada M.İ.Qlinkaadına Filarmoniyanın kiçik zalında N.A.Rimski-Korsakov adına Sankt-Peterburq Konservatoriyasının kamera orkestrinin müşayiəti ilə Rusiyanın Əməkdar artisti, orkestrin bədii rəhbəri və dirijoru Arkadiq Şteynluxtun ifasında qalib olan əsərlər səsləndi.
Görkəmli bəstəkarımız Firəngiz Əlizadənin belə bir Beynəlxalq müsabiqədə münsiflər heyətinin sədri təyin olunması, Azərbaycan bəstəkarlıq məktəbinə verilən yüksək qiymət və Azərbaycan bəstəkarına böyük etimaddır. Odur ki, müsabiqə çərçivəsində Firəngiz xanımın yaradıcılığına da xüsusi diqqət ayrılıb. Belə ki, sentyabrın 19-da N.A.Rimski-Korsakov adına Sankt-Peterburq Dövlət Konservatoriyasında Firəngiz Əlizadə ilə görüş keçirilmiş, Arkadiy Şteynluxtun dirijorluğu ilə bəstəkarın “Metamorphosis” (“Metamorfozlar” Şüştər) əsəri yüksək səviyyədə ifa edilib. Bu əsər Rusiyada ilk dəfə səsləndiyi üçün premyera sürəkli alqışlarla qarşılanıb.

Sevindirici haldır ki, Firəngiz Əlizadənin Sankt-Peterburq şəhərində olduğu zaman ölkədə Qadınların Forumu keçirilib. Firəngiz Əlizadə də bu beynəlxalq tədbirə dəvət olunub. Ümumiyyətlə, görkəmli bəstəkarımızın nüfuzu daim dünya musiqiçiləri ilə yanaşı Rusiya mədəniyyətinin də diqqət mərkəzindədir. Rusiyada keçirilən ilk beynəlxalq səviyyəli I Mədəniyyət Forumuna Firəngiz Əlizadənin də dəvət olunması buna əyani misaldır, orada bəstəkarın violonçel üçün Konserti professor Yulius Bergerin (Almaniya)ifasında təqdim olunmuşdur.

Firəngiz Əlizadə A.P.Petrov adına XVIII Bəstəkarların müsabiqəsinin təəssüratlarından xoş sözlər danışaraq, həmən ərəfədə Sankt-Peterburqda baletmeyster Boris Eyfmanın quruluşunda F.Dostoyevskinin “Cinayət və cəza” romanı əsasında əsərin premyerasına dəvət olunduğunu da xüsusi vurğuladı.

Öz ölkəsinin mədəni və ictimai həyatına dəyərli töhfələr verən Firəngiz Əlizadənin zəngin yaradıcılığı, yüksək intellekti və geniş fəaliyyəti dünya musiqiçiləri üçün də əsl sənət nümunəsi və qərəkli bir mənbədir. Odur ki, 5-ci dəfə sədri olduğu müsabiqədə qaliblər məhz ondan aldıqları mükafatı öz yaradıcılıqlarının uğuru hesab etməklə. daim ürəklərində Firəngiz Əlizadə ilə bahəm Azərbaycanımıza da təşəkkür ifadə edəcəklər. Elə biz də Rusiyanın belə çətin və təlatümlü dövründə sənətə və sənətkara verdikləri belə yüksək dəyərə görə A.P.Petrov adına müsabiqənin təşkilatçılarına və iştirakçılarına təşəkkür edirik. Əziz Firəngiz Əlizadəyə də minnətdarıq ki, öz yaradıcılığı ilə bərabər Azərbaycan bəstəkarlıq məktəbinə belə uğurlar gətirir. Nəzərə alsaq ki, bu müvəffəqiyyət Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı günlərinə təsadüf edib, demək bu da Üzeyir bəyə ehtiramın daha bir ifadəsidir. Bəli, hər bir musiqiçinin uğuru Üzeyir bəyin ruhuna hörmət, irsinə sədaqətdir.

Hörmətli və sədaqətli Firəngiz Əlizadə Sizə daim uğurlar arzusu ilə......

SƏADƏT TƏHMİRAZQIZI
Əməkdar mədəniyyət işçisi,
Sənətşünaslıq üzrə fəlsəfə doktoru