“Azərbaycanın iqtisadi inkişaf modeli nümunə göstərilir” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

30 Sentyabr 2024 16:58 (UTC+04:00)

“Hər bir ölkə vətəndaşının mənafeyinə hesablanan siyasi-hüquqi və sosial-iqtisadi islahatlar kursunun uğurla davam etdirilməsi Azərbaycanın sürətli inkişafını təmin etmişdir. Ölkədə həyata keçirilən çoxşaxəli islahatların başlıca meyarına çevrilmiş, elmi əsaslar üzərində gerçəkləşdirilən sosial-iqtisadi inkişaf strategiyasının əsasında insana, vətəndaşa həssas münasibət amili dayanmışdır. Prezident İlham Əliyev cari ilin 26 sentyabr tarixində iqtisadi məsələlərə həsr olunmuş müşavirədə bildirdi ki, ilin əvvəlindən iqtisadi inkişaf gözlənilən səviyyədədir: ”İqtisadi artım 4,3 faiz təşkil edib. Bugünkü dünyada gedən prosesləri təhlil edərkən və ümumiyyətlə, geosiyasi vəziyyətə nəzər saldıqda bu, çox müsbət göstəricidir. Ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində atılmış addımlar və düşünülmüş islahatlar siyasəti öz bəhrəsini verməkdədir. İqtisadi inkişaf templəri inkişaf etmiş bir çox ölkələrdə olan iqtisadi inkişaf templərini üstələyir”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov bildirib.

K.Bayramov qeyd edib ki, dəqiq hədəflərə hesablanmış siyasi xəttin yeni dövrün tələblərinə uyğun daha da zənginləşdirilməsi bugünkü uğurlarımızı şərtləndirmişdir. Ölkə başçısı cəmiyyət qarşısında verdiyi vədlərə sadiqliyini əməli işi ilə sübuta yetirərək formalaşdırdığı işlək mexanizmlər əsasında ictimai həyatın bütün sahələrində intibah və tərəqqinin əsasını qoymuşdur. İqtisadi inkişafı stimullaşdıran perspektivli layihələrin reallaşdırılması, bölgələrimizin tarazlı inkişafına hesablanan mühüm dövlət proqramlarının təsdiq edilməsi, vətəndaşlarımızın sosial vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində ardıcıl addımların atılması əldə edilən müsbət nəticələrdəndir. Azərbaycanı yerləşdiyi regionda böyük nüfuz sahibinə çevirən qlobal enerji və kommunikasiya layihələrinin həyata keçirilməsi, ölkədə bazar iqtisadiyyatı prinsiplərinin tam bərqərar olması, xarici investisiyaların qeyri-neft sektoruna, xüsusən də regionların inkişafına yönəldilməsi, əlverişli sahibkarlıq və biznes mühitinin formalaşdırılması, işsizlik probleminin həlli, əhalinin maddi rifah halının yaxşılaşdırılması aparılan iqtisadi siyasətin düzgünlüyünü təsdiq edir. Dövlətimizin güclənməsi, ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpa edilməsi xarici investorların ölkəmizə olan münasibətini daha da yaxşılaşdırıb. Azərbaycanda çox müsbət sərmayə iqlimi hökm sürür və uzun illərdir davam edir. İnvestisiyaların adambaşına düşən həcminə görə Azərbaycan qabaqcıl ölkələr sırasındadır. Dövlət başçımızın qeyd etdiyi kimi, yeni sənaye parkları yaradılır: “ Son illər ərzində və xüsusilə antiterror əməliyyatından sonra dövlət suverenliyimizin tam bərpa edilməsi təbii olaraq bütün investorlara ciddi müsbət siqnal göndərmişdir və biz bunun bəhrəsini indi görürük. Bizim ənənəvi sənaye məntəqələrimizdə, - Bakı şəhəri, Sumqayıt şəhəri, sənaye parkları, - yeni müəssisələr açılır. Eyni zamanda, azad edilmiş torpaqlarda, Ağdam və Cəbrayıl rayonlarında yeni sənaye parklarının yaradılması çox müsbət hal kimi qiymətləndirilməlidir”.

Deputat diqqətə çatdırmışdır ki, son 21 ilə yaxın dövrdə ölkə iqtisadiyyatına 310 milyard dollar investisiya yatırılıb ki, bunun 200 milyard dolları qeyri-neft sektorunun payına düşür. Azərbaycanda yoxsulluq səviyyəsi 50 faizdən 5 faizə endirilib. Paytaxt Bakıda, regionlarda, xüsusilə işğaldan azad edilmiş ərazilərimizdə görülən işlər, infrastrukturun tamamilə yenilənməsi və insanların həyat səviyyəsinin daha da yaxşılaşması iqtisadi inkişafımızı göstərən amillərdir. Əminliklə qeyd edə bilərik ki, Azərbaycanın malik olduğu təbii resurslardan səmərəli istifadəsi həm etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmləndirilməsində, həm də uzunmüddətli iqtisadi inkişafının təmin edilməsində əsas rol oynayır. Prezident İlham Əliyev Azərbaycanın iqtisadi gücünü göstərən əsas amillərdən birinin də dövlətin xarici borcunun azaldılması istiqamətində görülən tədbirlər olduğunu bildirmişdir. Son illərdə ölkə iqtisadiyyatının inkişafı Azərbaycanın öz xarici borcunu minimum səviyyəyə endirməsi ilə nəticələnmişdir. Hal-hazırda xarici borcun ümumi daxili məhsula (ÜDM) nisbəti cəmi 7,5 faiz təşkil edir ki, bu da dünya miqyasında ən yaxşı göstəricilərdən sayılır. Bu siyasət dövlətə gələcəkdə daha az vəsaiti borcun qaytarılmasına sərf etməyə və ölkənin daxili inkişafına daha çox sərmayə yatırmağa imkan verəcək. Bununla yanaşı, Azərbaycanın dövlət büdcəsi də dövlətin iqtisadi potensialını əks etdirir. Azərbaycan Respublikası heç bir xarici yardıma ehtiyac duymadan, öz daxili resursları hesabına büdcəni formalaşdırır və iqtisadi inkişafı davam etdirir. Xarici borcun azalması ilə paralel olaraq, dövlət büdcəsi hər il artmaqdadır. Bu isə ölkənin sosial və iqtisadi layihələrə daha çox maliyyə vəsaiti ayırmasına şərait yaradır.

Dövlət başçısı İlham Əliyev sözügedən müşavirədə keçilən yolun təhlili və günün əsas çağırışlarının açıqlanması fonunda belə bir əminliyi ifadə etdi ki, iqtisadi inkişaf templəri həm bu ilin sonuna qədər saxlanılacaq, həm də nəzərə alsaq ki, indi gələn ilin büdcəsi müzakirə olunur və büdcənin parametrləri də daha genişmiqyaslı olacaq, bu halda gələn il də iqtisadi inkişaf templəri lazımi səviyyədə olacaq. İlk növbədə, ölkəmizin hərbi potensialının gücləndirilməsi, təhlükəsizliyin təmin edilməsi, dövlət sərhədlərinin qorunması, hərbi sənaye kompleksinin inkişafı, təhsil xərcləri, Qarabağın və Şərqi Zəngəzurun bərpası və digər layihələr nəzərdə tutulub. Həm sosialyönümlü, sosial infrastrukturla bağlı olan layihələr, həm də ümumi infrastrukturla bağlı olan layihələr, bütün bunlar Dövlət İnvestisiya Proqramında öz əksini tapacaq: "Şübhə etmirəm ki, belə də olacaq. Artıq Azərbaycanın iqtisadi inkişaf modeli dünyada özünü təsdiqləyib. Biz öz resurslarımıza arxalanaraq güclü iqtisadiyyat qurmuşuq, müstəqil iqtisadiyyat qurmuşuq, heç kimdən asılı deyilik. İqtisadi müstəqillik təbii olaraq bizə beynəlxalq müstəvidə böyük imkanlar qazandırır ki, Azərbaycan uğurla, inamla, şərəflə, ləyaqətlə müstəqil xarici siyasət apara bilsin. Necə ki, aparmışıq və aparacağıq".

K.Bayramov əlavə edib ki, əldə olunan nəticələr deməyə əsas verir ki, Azərbaycan iqtisadiyyatı daha möhkəm təməl üzərində öz inkişafını bundan sonra da yüksək dinamizmlə davam etdirəcəkdir. Bu uğuru təmin edən başlıca amil isə əvvəlki illərdə əldə edilmiş sosial-iqtisadi nailiyyətlərdir”.