“Azərbaycan dövləti təzminat məsələsinin üzərində möhkəm dayanmalıdır” - ŞƏRH OLUNDU

30 Sentyabr 2024 16:30 (UTC+04:00)

“Cəbrayıl rayonu da digər rayonlarımız kimi Ermənistanın işğalı altında olduğu dövrdə darmadağın edilib. Ərazilərimiz işğal müddətində dəhşətli dağıntılara məruz qalıb, bütün yurd yerlərinin altını üstünə çeviriblər, salamat heç bir tikili qalmayıb. Yəni, Ermənistan ərazilərimizin başına olmazın oyununu açıb”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

O bildirib ki, Azərbaycan dövləti digər torpaqlarımızla bərabər Cəbrayıl şəhəri və Cəbrayıl rayonu ilə bağlı da Ermənistandan təzminat tələb etməlidir: “Bütöv bir rayon, onun mərkəzi olan Cəbrayıl şəhəri də daxil olmaqla darmadağın edilib. İşağlçı Ermənistan dağıntıların təzminatını ödəməlidir. Eyni zamanda Cəbrayıl rayonundan məcburi köçkün düşmüş soydaşlarımızla bağlı mənəvi zərərin də təzminatı ödənilməlidir. Üstəlik insanlarımızın həyatına son qoyublar, həmçinin Azərbaycan dövləti torpaqlarını azad edərkən də ermənilər təxribatlarından geri çəkilməyib, insanlarımızı öldürüblər. Ümumilikdə isə Azərbaycan dövləti təzminat məsələsinin üzərində möhkəm dayanmalıdır. Ermənistan həm işğala, həm də işğaldan sonra vurulan maddi-mənəvi zərərə, həm də 44 günlük Vətən savaşındakı canlı qüvvə və texnika-sursat itkilərimizə görə də təzminat ödəməlidir. Azərbaycan bu məsələni beynəlxalq hüquq müstəvisində həyata keçirməlidir”.