Dr.Nabil Seyidov “Mavi kod” mövzusunda canlı yayımda çıxış edəcək

30 Sentyabr 2024 16:04 (UTC+04:00)

Mərkəzi Gömrük Hospitalının rəis müavini, kardioloq Nabil Seyidov 3 oktyabr 2024-cü il tarixində saat 16.00-da “Mavi kod” mövzusunda canlı yayımda çıxış edəcək və izləyicilərin suallarını cavablandıracaq. SİA xəbər verir ki, canlı yayım Mərkəzi Gömrük Hospitalının rəsmi Facebook səhifəsi üzərindən yayımlanacaq.

(https://www.facebook.com/customshospital/). Sualları canlı yayım vaxtı və yaxud öncədən Mərkəzi Gömrük Hospitalının facebook səhifəsi vasitəsilə ünvanlamaq mümkündür.

Dr. Nabil Seyidov tibb sektorunda 21 il, o cümlədən ictimai səhiyyə sektorunda 9 ildən artıq iş təcrübəsinə malikdir. Nabil həkim Azərbaycan Tibb Universitetini 2002-ci ildə fərqlənmə ilə bitirdikdən sonra Moskva şəhərində A.Bakulev adına Ürək-Damar Cərrahiyyəsi üzrə Elmi Mərkəzdə klinik ordinaturanı, daha sonra isə aspiranturanı bitirib.

O, 2009-2012-ci illərdə ABŞ-da rezidentura təhsili alıb və cərrahiyyə üzrə beynəlxalq mütəxəssislər üçün xüsusi sertifikatlaşdırılmış ixtisasartırma kursu keçib. ABŞ-dan qayıtdıqdan sonra Dr. Nabil Seyidov Azərbaycanda müxtəlif özəl tibb müəssisələrində kardioloq və həkim terapevt kimi fəaliyyət göstərmişdir. 2014-cü ildən isə Nabil həkim Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində həkim-metodist, şöbə müdirinin müavini və 2018-ci ildən şöbə müdiri vəzifələrində çalışmışdır. O, 2018-2019-cu illər ərzində isə Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin müdiri müavini kimi işləmişdir. O, 20 iyun 2023-cü il tarixindən etibarən Mərkəzi Gömrük Hospitalının rəis müavini vəzifəsində çalışır.