"Sualların məzmunu ümumi təhsil dövlət standartlarına uyğun hazırlanır" - MÜNASİBƏT BİLDİRİLDİ

30 Sentyabr 2024 15:58 (UTC+04:00)

"Təhsilalanların yekun attestasiyası qaydaları ilə bağlı Nazirlər Kabinetinin 12 dekabr 2016-cı il tarixli 498 nömrəli qərarı var". Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Elşən Qafarov deyib.

O bildirib ki, həmin qərarın birinci hissəsində göstərilir ki, buraxılış imtahanlarında sualların məzmunu ümumi təhsil pilləsinin dövlət standartlarına uyğun olaraq hazırlanır: "Amma qəbul imtahanında olan sualları - tarix, ədəbiyyat, digər fənləri Dövlət İmtahan Mərkəzi özü müəyyən edir. Amma Azərbaycan dili, riyaziyyat və xarici dil ümumi təhsil dövlət standartlarına uyğun olaraq hazırlanır. O baxımdan heç bir dəyişiklik olmur.

Builki məzunlar və bundan sonrakı illərin məzunlarının aqibəti onlara dərs deyən müəllimlər və repetitorların yeni qaydalara uyğun tədris qurmağından asılı olur. Elm və Təhsil Nazirliyi məktəblərdə tədrisin keyfiyyətin yüksəldilməsi ilə bağlı təqdirəlayiq işlər görür. Məsələn, orta ümumi təhsil məktəblərində mütəmadi olaraq monitorinq imtahanlarının keçirilməsi, şagirdlərin dərsə davamiyyətinə nəzarət, həmçinin müxtəlif qiymətləndirmə imtahanlarının keçirilməsi buraxılış imtahanlarının nəticələrinə öz müsbət təsirini göstərdi. Bundan başqa, orta ümumtəhsil məktəblərində çalışan müəllimlərin sertifikasiya imtahanları müəllimlərin bilik və bacarıqlarının yüksəlməsində mühüm rol oynadı. Beləliklə, təhsil sistemində göstəricilərin yüksəlməsinin şahidi oluruq. Bu, çox yaxşı tendensiyadır.

Suallar dəyişə bilər. Dəyişəndə də bir il öncə, yəni oktyabr ayının 15-ə qədər Dövlət İmtahan Mərkəzi öz saytında onları yerləşdirir və təhsilalanlar bu haqda Dövlət İmtahan Mərkəzi ilə ən azı on ay, altı ay öncə xəbərdar olurlar".