BƏƏ-dən Livana 100 milyon dollar təcili yardım

30 Sentyabr 2024 15:52 (UTC+04:00)

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Livana 100 milyon dollar dəyərində təcili yardım edəcəyini açıqlayıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, BƏƏ-nin rəsmi agentliyi olan "WAM"da yer alan xəbərə görə, prezident Məhəmməd bin Zayed Əl Nəhyan Livana 100 milyon dollar dəyərində təcili yardım əmri verib.

Xəbərdə bu addımın BƏƏ-nin Livana dəstək əzmi və mövcud çətinliklərlə mübarizəsi çərçivəsində atıldığı bildirilib. BMT-yə bağlı Ümumdünya Ərzaq Proqramı dünən Livandakı münaqişələrdən zərər çəkmiş bir milyon insana çatmaq üçün təcili ərzaq əməliyyatına başladığını açıqlayıb. Sözügedən qurum bu əməliyyatların davam etdirilməsi üçün təcili olaraq 105 milyon dollara ehtiyac olduğunu bildirib.