“Ulu Öndərin azərbaycançılıq siyasəti özünü doğrultdu“ - ŞƏRH EDİLDİ

30 Sentyabr 2024 15:37 (UTC+04:00)

“1993-cü ilin oktyabrın 3-ü Azərbaycan xalqının taleyi və tarixində ən mühüm məsələlərdən biridir. 1991-ci ildə Azərbaycan öz dövlət müstəqilliyinin bərpası haqqında qanun qəbul etdi. Çox təəssüflər olsun ki, biz müstəqilliyin şirinliyini dada bilmədik. Ermənilərin Azərbaycana ərazi iddiaları, erməni havadarlarının Ermənistanı müdafiə etməsi və bunun nəticəsi olaraq Azərbaycan torpaqlarının çox böyük bir hissəsi düşmənin işğalı altına düşdü. Digər tərəfdən ölkənin daxilindəki proseslər ölkəni süquta doğru aparırdı, Azərbaycanın taleyi məsələsi həll olunurdu. Belə bir dövrdə Ümummilli Lider Heydər Əliyev Bakıya gəldi və bütün çətinliklərə baxmayaraq qardaş qırğınının qarşısını aldı, vətəndaş müharibəsinin baş tutmasına imkan vermədi və xarici dövlətlərlə bağlı isə balanslaşdırılmış siyasəti həyata keçirməyə başladı. Beləliklə, Azərbaycan yenidən ayağa qalxdı”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Anar İsgəndərov deyib.

Deputat bildirib ki, 1993-cü il oktyabrın 3-də Prezident seçkilərində Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevə etimad göstərdi və Heydər Əliyev Azərbaycan dövlətinin Prezidenti seçildi: “Bununla da Azərbaycanı həm daxili təhlükədən, həm də xarici işğalçı dövlətin təsirindən qurtarmaq üçün Ulu Öndər fəaliyyətə başladı və beləliklə Azərbaycan düşmən caynağından qurtuldu. Buna görə də müstəqil Azərbaycan dövlətinin quruculuğundan danışarkən 1993-cü ilə böyük önəm veririk. 1993-cü ildə Heydər Əliyev Bakıya gəlməsəydi, Azərbaycanın sonrakı taleyi ilə bağlı xoş fikir söyləmək qeyri-mümkün idi.

Ulu Öndər hakimiyyətə gələn kimi ilk növbədə Azərbaycan ilə Ermənistan arasında atəşkəsin bağlanmasına nail oldu. Həmin dövrdə ordu dağınıq və zəif idi, Azərbaycanın hərbi rəhbərliyində fikir ayrılıqları mövcud idi. Lakin atəşkəsin elan edilməsi ilə ordu quruculuğu işinə başlanıldı. Digər tərəfdən Azərbaycan iqtisadi cəhətdən tənəzzülə doğru gedirdi. Bunun qarşısını almaq üçün də Heydər Əliyev “Əsrin Müqaviləsi”nin imzalanmasına nail oldu. Tarixin sonrakı dövrlərində də Azərbaycanın dövlətçilik tarixi ilə bağlı Ulu Öndər Heydər Əliyev mühüm addımlar atdı. 1995-ci ildə Azərbaycanın Konstitusiyası qəbul olundu və bu da dövlətimizə uğur gətirdi.

Ümummilli Lider Naxçıvanı blokadadan, erməni işğalından qurtardığı kimi Azərbaycanı da işğaldan qorumaq üçün mübarizə apardı. Ulu Öndərin apardığı mübarizə, azərbaycançılıq siyasəti özünü doğrultdu. Azərbaycan bu gün bütöv, suveren dövlətdir və dünya dövlətləri bizimlə hesablaşmalı olurlar”.