AHİK sədri qurumun tabe təşkilatlarında mövcud vəziyyətlə maraqlanıb - FOTOLAR

30 Sentyabr 2024 15:33 (UTC+04:00)

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Sahib Məmmədov AHİK-in Respublika Turizm və Ekskursiyalar üzrə Şurasında olub. Konfederasiyadan SİA-ya bildirilib ki, Şuranın sədri İlmir İsmayılov qurumun fəaliyyəti, turist bazaları haqqında AHİK sədrinə məlumat verib. Qeyd edib ki, məzuniyyət dövründə ittifaq üzvlərinin səmərəli vaxt keçirmələri və mənalı istirahəti üçün qurum tərəfindən hər cür şərait yaradılır. Onun sözlərinə görə, Şuranın turist bazalarında yay mövsümü ərzində xeyli sayda ittifaq üzvü ailəvi istirahət edir. Konfederasiya sədri inzibati binaya baxış keçirib, otaqları gəzib, əməkdaşların iş şəraiti ilə maraqlanıb, bir sıra tapşırıq və tövsiyələrini verib.

Sonra Sahib Məmmədov AHİK-in Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasına (AHİTA) baş çəkib, iş otaqlarını gəzib, məşqçi, paltardəyişmə otaqlarına və idman zallarına baxış keçirib, yaradılmış şəraitlə tanış olub.

Qeyd edək ki, qurumun strukturuna 5 idman cəmiyyəti - “Məhsul”, “Spartak”, “Zenit”, “Gənclik”, “Qarabağ” və 4 idman klubu - “Atilla”, “Pəhləvan”, “Şahmat və Dama”, “Alpinizm və turizm” daxildir. İdman təşkilatlarında 16 (Sərbəst güləş, yunan-Roma güləşi, boks, cüdo, sambo, karate, şahmat, dama, atletika, ağır atletika, güllə atıcılığı, bədii gimnastika, futbol, basketbol, taekvando, alpinizm) idman növü inkişaf etdirilir. Assosiasiyasının idmançıları 2023-cü ildə keçirilən yarışlarda 191 qızıl, 126 gümüş, 164 bürünc medal qazanıblar. Medallardan 32-si Avropa və dünya çempionatlarında əldə olunub.

2024-cü ilin yanvar-sentyabr aylarında isə keçirilən yarışlarda idmançılar ümumilikdə 305 medal (86 qızıl, 90 gümüş, 129 bürünc) qazanıblar ki, bunun da 21-i Avropa miqyaslı, 4-ü dünya çempionatının, 48-i müxtəlif beynəlxalq turnirlərin, 232-si isə respublika yarışlarının payına düşür. 2023-cü il ərzində AHİTA-nın idman təşkilatlarının keçirdikləri 104 tədbirin 43-ü kütləvi sağlamlıq, 61-i isə idman yarışları olub və bu tədbirlərə 4068 idmançı qatılıb.

AHİTA-nın “Zenit” İdman Cəmiyyətinə gələn Konfederasiya sədri burada idman zallarını gəzib, şəraitlə maraqlanıb, idmançıların məşq prosesini izləyib.

Assosiasiyanın sədri Binyamin Mənsimzadə bildirib ki, idman cəmiyyətinin nəzdində iki Uşaq Gənclər İdman Məktəbi (UGİM) fəaliyyət göstərir. UGİM-lər Bakı və Sumqayıt şəhərlərində yerləşir. Həmin məktəblərdə idmanın sərbəst güləş, yunan-Roma güləşi, cüdo, boks, taekvando və sambo növləri üzrə yüksək səviyyəli idmançılar hazırlanır.

S.Məmmədov, həmçinin AHİTA-nın Yasamal rayon stadionunda da olub. Sədr burada futbol meydançalarını gəzib, vəziyyətlə maraqlanıb.

Sonda Konfederasiya sədri AHİTA-nın rəhbərliyinə idman zallarında şəraitin yaxşılaşdırılması, yeni standartlara uyğun alət və avadanlıqlarla təchiz olunması barədə tapşırıqlar verib.