"Müvafiq nazirliklər və aidiyyatı qurumlar da təşəbbüskar olmalıdır" - MÜNASİBƏT BİLDİRİLDİ

30 Sentyabr 2024 15:17 (UTC+04:00)

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yanında İqtisadi məsələlərə həsr olunmuş müşavirədə çıxışı və verdiyi mesajlar ölkəmizin inkişafını, perspektiv istiqamətlərini, hərbi qüdrətinin və güvənli müdafiəsini, sabitliyinin güvənli olduğunun göstəricisidir”. Bu sözləri SİA-ya açıqlamasında Qarabağ Müharibəsi Əlilləri, Veteranları, Şəhid ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev deyib.

Onun sözlərinə görə, əhalinin həssas təbəqəsi ilə bağlı mesajlar da əhali tərəfdən müsbət qarşılanır: “Nəzərə alsaq ki, hal hazırda ölkənin əsas gəlirləri neftdən formalaşır və neft ehtiyyatları tükənməz deyil, qeyri neft sahələrinin daha da surətlə inkişaf etdirilməsi arzuolunan məsələdir.

Bütün məsələləri ölkə prezidenti tək düşünüb təklif etməməlidir. Yaxşı olardı ki, bu sahədə müvafiq nazirliklər və aidiyyatı qurumlar da təşəbbüskar olsunlar. İlk baxışdan da göründüyü kimi biz təbii sərvətlərimizi əsasən xammal kimi ixrac edirik. Onların emalı üçün zavodlar və fabriklər dövlət nəzarəti altında yaradılsaydı, bu həm satılan sərvətlərimizdən ölkəyə dəfələrlə böyük məbləğdə valyuta gətirərdi, minlərlə yeni iş yerləri açılardı ki, bu da əhalinin yoxsul səviyyəsində yaşayan hissəsinin sayını kəskin azaldardı.

Hal hazırda məcburi köçkünlərimizin öz dədə-baba yurdlarına qaytarılması istiqamətində də böyük və həcmli işlər görülür. O ərazilərdə də kənd təsərrüfatının inkişafı daxili bazarlarda bolluğun yaranmasına və sağlam rəqabətin artmasına gətirib çıxaracaqdır”.

Ayşən Vəli