DGK Tibbi Xidmət İdarəsi Astarada kardioloji tibbi sosial aksiya keçirib - FOTOLAR

30 Sentyabr 2024 15:02 (UTC+04:00)

27 sentyabr 2024-cü il tarixində Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin təşkilatçılığı və Səhiyyə nazirliyinin C. Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun və TƏBİB-in dəstəyi ilə “Ümumdünya Ürək Günü”nə həsr edilmiş Astara Sağlamlıq Günləri çərçivəsində şəhid və qazi ailələri üçün kardioloji tibbi sosial aksiya keçirilib. SİA xəbər verir ki, ilk öncə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti Anım Günündə Astara şəhərində Şəhidlər Xiyabanını ziyarət edib, Vətən müharibəsində canlarını qurban vermiş qəhrəman şəhidlərimizin xatirəsini ehtiramla anıblar, məzarların üzərinə tər çiçəklər düzüblər.

Tədbirdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev, Mərkəzi Gömrük Hospitalının rəisi-baş həkimi Bəxtiyar Musayev, Mərkəzi Gömrük Hospitalının Poiliklinika şöbəsinin rəisi, kardioloq Tamilla Əliyeva, Səhiyyə nazirliyinin C. Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru Gülnaz Dadaşova, C. Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun əməkdaşları, həkimləri, Mərkəzi Gömrük Hospitalının həkimləri, rezidentləri və tibb işçiləri iştirak ediblər.

Tədbirin açılış hissəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev aksiya iştirakçılarını salamlayıb və bildirib ki, 27 sentyabr – Anım Günündə Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi və Mərkəzi Gömrük Hospitalının həkim və mütəxəssislərdən ibarət böyük dəstəsi Astara rayon Mərkəzi Xəstəxanasında ənənəvi olaraq şəhid və qazi ailələrinin üzvləri üçün tibbi xeyriyyə aksiyası keçirir. Aksiya zamanı şəhid və qazi ailələrinin üzvləri müxtəlif patologiyalar üzrə müayinələrdən keçəcək, lazımi reseptlər yazılacaq, ehtiyacı olan xəstələrə dərman vasitələri paylanacaq. Daha ixtisaslaşdırılmış əlavə müayinələr tələb olunan xəstələr üçün Mərkəzi Gömrük Hospitalına göndərişlər təqdim ediləcək və gələcəkdə onlar hospitalda ödənişsiz müayinələrdən keçəcək və müalicə olunacaqlar.
Mərkəzi Gömrük Hospitalının rəisi-baş həkimi, t.e.d., Dr.Bəxtiyar Musayev bildirib ki, “Ümumdünya Ürək Günü”nə həsr edilmiş Astara Sağlamlıq Günləri çərçivəsində həyata keçiriləcək tibbi xeyriyyə aksiyası zamanı Mərkəzi Gömrük Hospitalının və C. Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun yüksəkixtisaslı mütəxəssisləri tərəfindən şəhid və qazi ailələrinin üzvlərinə uroloji, kardioloji, endokrinoloji, nevroloji, oftalmoloji, ginekoloji, travmotoloji, pediatrik və s. xidmətlər göstəriləcək.

Səhiyyə Nazirliyinin C. Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru Gülnaz Dadaşova “Ümumdünya Ürək Günü”nə həsr edilmiş Astara Sağlamlıq Günləri çərçivəsində Şəhid və qazi ailələri üçün kardioloji tibbi sosial aksiyanın əhəmiyyətindən danışaraq, aksiya zamanı şəhid və qazi ailələrinin üzvləri il yanaşı, bura gələn və tibbi müayinələrə ehtiyacı olan əhalinin də aksiyada iştirak etməsi, ambulator və ekspert müayinələrdən keçdiyini qeyd edib.

Açılış mərasimindən sonra tibbi sosial aksiyaya start verilib. Şəhid və qazi ailələrinin üzvləri müxtəlif patoloji müayinədən, USM, EKQ, EXO müayinələrindən keçiriliblər, lazımi dərman preparatları ilə təmin olunublar.
Qeyd edək ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi tərəfindən “Ümumdünya Ürək Günü”nə həsr edilmiş Astara Sağlamlıq Günləri çərçivəsində şəhid və qazi ailələri üçün keçirilən kardioloji tibbi sosial aksiya zamanı 250 nəfər tibbi müayinədən keçirilib.