Komitə sədrindən ÇAĞIRIŞ

30 Sentyabr 2024 13:56 (UTC+04:00)

Qanunvericilik sistemimiz Qarabağın azadlığından sonrakı vəziyyətə uyğunlaşdırılmalı, obrazlı desək, qanunlarımız işğalın mirasından azad edilməlidir. SİA-nın məlumatına görə, bunu Milli Məclisin bugünkü iclasında parlamentin İnsan haqları komitəsinin sədri Zahid Oruc bildirib.

Komitə sədri qeyd edib ki, ölkəmizin tərəfdar çıxdığı beynəlxalq normalara qoşularkən həmin ərazilərdə beynəlxalq hüquq və prinsiplərin, tərəfdar çıxdığımız Konvensiyaların müddəalarının məhdud çərçivədə yerinə yetirilməsinə dair dövlət tərəfindən xüsusi qeyd-şərtlər və bəyanatlar verilib.

"Həmçinin, Azərbaycan Respublikasının qanunvericilik aktlarında, o cümlədən bir sıra dövlət orqanlarının və qurumlarının nizamnamələrində “Dağlıq Qarabaq”, “işğal edilmiş ərazilər” və s. ifadələr, adlar hələ də qalmaqdadır. Ərazilərin işğaldan azad olunmasından və Azərbaycanın bütün ərazilərində de-fakto yurisdiksiyasının bərpasından sonra həm Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq normalarla bağlı bəyanat və qeyd-şərtlərin (işğal olunmuş ərazilərə münasibətdə) ləğvi və milli qanunvericilik aktlarında, qeyri-normativ hüquqi aktlarda düzəlişlərin edilməsi zərurəti vardır. Onların ləğv edilməsi ilə bağlı qanun layihələrini hazırlayaraq, Milli Məclisə təqdim etməsi məqsədəuyğundur. Azərbaycan Respublikasının de-fakto yurisdiksiyası tam təmin olunduğu və şəraitin əsaslı surətdə dəyişməsini nəzərə alaraq, müvafiq beynəlxalq razılaşmalarla bağlı verilən bəyanat və qeyd-şərtlərə dair qanunlara yenidən baxılması zəruridir",- o deyib.

Deputat onu da qeyd edib ki, Gürcüstanda oktyabrda keçiriləcək parlament seçkiləir qarşısında geosiyasi toqquşma meydanına çevrilib və getdikcə Amerikadan və Avropa Birliyindən artan təzyiqlər ölkəni tam izolyasiyaya məruz qoya bilər:

"Lakin ölkə Qərb demokratiya yolu ilə deyil fərqli millli yol seçməyə çalışır. Son təzyiqlərin rəsmən elan edilən bəhanəsi iki qanuna görədir - “Xarici agentlər haqqında” qanuna və ailə dəyərlərini qorumaq üçün 18 qanun layihəsinin birləşdiyi paketi qəbul etməsidir. Prezidentin parlamentdəki çıxışı da ailə , məktəb, cəmiyyətin qorunması, uzun illər bizə xaricdən gündəlik müəyyənləşdirənlərə qarşı mübarizə və ideoloji hədəflərin, Qarabağdan sonrakı milli ideyanın düzgün tapılmasıdır. Ümidvarıq ki, Məclis bu istiqaməti payız sessiyasında əsas hədəfində saxlayacaqdır",- o deyib.