Nəsrullahın öldürülməsindən sonra Hizbullahdan ilk AÇIQLAMA

30 Sentyabr 2024 13:31 (UTC+04:00)

Hizbullah lideri Həsən Nəsrullahın İsrailin hücumu nəticəsində ölməsindən sonra Hizbullah baş katibinin müavini Naim Kasım ilk dəfə açıqlama verib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Kasım deyib: "İsrail gələcəyimizin bəlli olduğunu və istədiyimizi edə biləcəyimizi düşünürsə, bu yanlışdır. Qələbəyə doğru qaçırıq. Qurudan hücuma da hazırıq". Kasım yeni liderin ən qısa zamanda müəyyənləşəcəyini bildirib.

Naim Kasım çıxışına İsrailin hücumlarında həlak olan bütün Hizbullah üzvlərinin adlarını çəkərək başlayıb.

Kasımın açıqlamaları belədir: "Biz bir qardaşımızı, liderimizi itirdik. Nəsrullah ABŞ-ın qarşısında sədd oldu, işğalların qarşısını aldı. İsrail Livanın hər bölgəsində cinayətlər törədir. Elə bir kənd qalmadı ki, zərər görməsin, evlərində yaşayan insanları da güllələyir. ABŞ bütün gücü ilə İsraili dəstəkləyir. Əgər İsrail gələcəyin açıq olduğunu və istədiyimizi edə biləcəyimizi düşünürsə, yanılırlar. Qələbəyə doğru qaçırıq. Ağrılara baxmayaraq yolumuza davam edəcəyik. Biz Allahın qələbə vədinə inanırıq. Səbr edəcəyik, Allahın buyurduğu kimi səbr edəcəyik. Həsən Nəsrullahın bizə öyrətdiyi bir yol var və o yol davam edəcək. Biz cihad sahəsində irəliləyəcəyik. Təşkilatımız da eyni şəkildə davam edəcək. Meydandan geri çəkilməyəcəyik. Bütün dünyanın gözü qarşısında Livan xalqına hücum edirlər. Bizi dağıtmaq istəyirlər. Biz heç vaxt geri çəkilməyəcəyik.

Müharibənin uzun sürəcəyini bilirik, hər ehtimala hazırıq. Qurudan hücum olarsa, biz buna hazırıq. Düşmən İsrail heç vaxt öz məqsədlərinə çatmayacaq. İsrail heç vaxt hərbi gücümüzə son qoya bilməz.

Fırtınalar bizi sarsıtmayıb, biz 2006-cı ildə olduğu kimi qələbə qazanacağıq. Bələdçiləri əvəz etmək üçün həmişə namizədlər var. Həmişə ehtiyat işçilər var. Əlimizdə olan bütün liderləri qiymətləndirəcəyik. Biz ən qısa zamanda yeni rəhbərimizi seçəcəyik”.