Tələbələrin geyim tərzi necə olmalıdır? - ARAŞDIRMA

30 Sentyabr 2024 13:32 (UTC+04:00)

Son illərdə bir çox qadınların geyimində məhrəmiyyət aradan qalxıb. Belə ki, artıq açıq-saçıq geyinmək soyunmağa bərabər tutulur. Bunun adını da qadın azadlığı qoyurlar.

Günümüzdə əksər tələbələrin geyim tərzlərinin o qədər ürəkaçan olmadığının da şahidiyik. Bəs, universitetlərimizdə geyim qaydaları necə olmalıdır? Hansı normaları gözləmək lazımdır?

SİA mövzu ilə bağlı araşdırma aparıb.

Gözəl geyinmək həm kişilərə, həm də qadınlara lazımdır. Amma unutmayaq ki, gözəl geyim insanın bədəninə, dərisinin rənginə və mühitinə uyğun geyinmək deməkdir. Bədən xüsusiyyətlərini bilmədən və ya nəzərə almadan geyinmək insanı gözəl göstərmir. Çünki bir insana yaraşan paltar digərinə yaraşmaya bilər.

Hər kəsin öz geyim tərzi olmalıdır. Bu üslub insanın öz şəxsi, mənəvi, fiziki xüsusiyyətləri və ictimai mövqeyi nəzərə alınmaqla müəyyən edilməlidir. Geyim insanın şəxsiyyətini, düşüncəsini, həyat tərzini, zövqünü, özünə hörmətini, özünə inamını, ətrafındakılara göstərdiyi hörməti və onlara verdiyi dəyəri əks etdirir. Buna görə də bəzi bölgələrdə məhrəmiyyət nəzərə alınmalıdır.

Günümüzdə gözəl geyinməyin özünə inam üzərində təsiri danılmazdır. Kapitalizmin yaratdığı moda adlı bir cərəyan çox təəssüf ki, insanlar arasındakı zövqü, fərqliliyi, şəxsi hissləri öldürür. İnsanlar şəxsi və fiziki xüsusiyyətlərindən asılı olmayaraq modaya riayət etməyi zəruri hesab edirlər. Bu, cəmiyyətdə demək olar ki, hər kəsin eyni geyinməsinə səbəb olur. Təəssüf ki, geyimdəki vahidlik düşüncədə də özünü göstərir. İnsan düşüncəsi və duyğuları kapitalizmin müəyyən etdiyi qanunauyğunluqlara görə formalaşır. Bu, bizim insan mahiyyətimizi məhv edir.

Dünyada nə qədər insan varsa, o qədər də geyinmə üsulları var. Çünki hər bir insanın stili fərqlidir. Dəb adlı bir cərəyanla insanları idarə etmək və standartlaşdırmaq kapitalizmin uğurudur. Bu geyim tərzi qadınların azadlığını məhv edir. Çünki vahidlik olan yerdə azadlıq yoxdur. Təəssüf ki, çoxları bu əsarətin azadlıq olduğunu düşünür.

Təhsil eksperti Kamran Əsədov: "İlk növbədə qeyd edim ki, Azərbaycanda universitetlərdə tələbələrin geyim qaydaları rəsmi şəkildə tənzimlənmir, lakin bəzi universitetlər öz daxili qaydalarına uyğun olaraq müəyyən geyim standartları tətbiq edə bilərlər. Geyim məsələsi həm universitet nizam-intizamının, həm də təhsil mühitinin bir hissəsi kimi görülə bilər. Bu məsələ müxtəlif aspektlərdən təhlil oluna bilər: qanunvericilik, beynəlxalq təcrübə, tədris keyfiyyəti və tərbiyə göstəricisi baxımından.

Qanunvericilik

Azərbaycanda ali təhsil müəssisələrində geyimlə bağlı xüsusi qanun və ya qayda yoxdur. Geyimlə bağlı qərarlar əsasən universitet rəhbərliyinin daxili nizamnamələri əsasında qəbul edilir. Lakin qanunvericilikdə universitetlərin daxili qaydalarına hörmət etmənin vacibliyi vurğulanır, və bu, tələbələrin bir sıra qaydalara əməl etməsini tələb edə bilər, o cümlədən geyimlə bağlı da.

Beynəlxalq təcrübə

Beynəlxalq təcrübədə, xüsusilə Qərb ölkələrində universitetlərdə geyim məsələsi çox sərbəstdir. ABŞ, Kanada və Avropada tələbələrə geyim azadlığı verilir, və onların geyimi əsasən akademik mühitə uyğun olmalıdır. Lakin bəzi universitetlərdə, xüsusilə dini və ya konservativ ölkələrdə (Səudiyyə Ərəbistanı, İran kimi) daha ciddi geyim qaydaları tətbiq edilir. Asiya ölkələrində isə tələbələrin geyimlərinə diqqət yetirilməsi normaldır, hətta bəzilərində məktəb və ya universitet forması məcburi ola bilər.

Finlandiya kimi təhsil sahəsində uğurlu ölkələrdə isə universitet tələbələrinə geyim azadlığı verilir. Orada təhsilin keyfiyyəti geyimdən daha çox tələbələrin akademik nailiyyətlərinə və tədris mühitinə yönəlib. Belə yanaşma, azadlığın tələbələrin özünü ifadə etməsi üçün vacib olduğunu göstərir.

Tədris keyfiyyəti

Geyim tərzinin təhsilin keyfiyyətinə təsiri çox mübahisəli bir mövzudur. Geyim azadlığı tələbələrin rahatlıq və özünü ifadə etmə imkanı yarada bilər, bu da onların motivasiyasına və akademik fəaliyyətlərinə müsbət təsir göstərə bilər. Digər tərəfdən, ciddi geyim qaydaları intizam və mərkəzləşmiş nizam-intizam yaratmaq baxımından vacib ola bilər. Belə qaydalar həmçinin tələbələrdə peşəkar bir mühitin yaranmasına kömək edə bilər.

Tərbiyə göstəricisi

Geyim tərzi həmçinin tərbiyə və dəyərlərin bir hissəsi kimi də görülə bilər. Məsələn, milli adət-ənənələrə və dəyərlərə uyğun geyim, universitet mühitində tələbələr arasında daha ciddi və mütəşəkkil bir münasibət formalaşdıra bilər. Azərbaycanda milli dəyərlərə hörmət məsələsi tez-tez vurğulanır, buna görə də bəzi universitetlər milli mentaliteti nəzərə alaraq müəyyən geyim qaydalarını tətbiq edə bilərlər.

Nəticə və təkliflər

Azərbaycan universitetlərində tələbələrin geyimi məsələsi müasir dövrün tələbləri və milli ənənələr arasında tarazlıq tələb edən bir məsələdir. Beynəlxalq təcrübə göstərir ki, geyim azadlığı tələbələrin daha yaradıcı və özünə inamlı olmasına səbəb ola bilər. Buna baxmayaraq, bəzi hallarda peşəkar və nizamlı geyim tərzinin tələb edilməsi də təhsilin keyfiyyətini artırmağa yönəldilmiş bir vasitə kimi qiymətləndirilə bilər.

Bu mövzuda vahid yanaşma yoxdur, hər bir universitet öz daxili qaydalarına uyğun qərar verməli və tələbələrinin akademik inkişafına və sosial tələblərinə uyğun tədbirlər görməlidir".

Ayşən Vəli