Yaponiyada erkən seçkilər olacaq - Tarix AÇIQLANDI

30 Sentyabr 2024 12:59 (UTC+04:00)

Yaponiyada hakimiyyətdə olan Liberal Demokrat Partiyasının (LDP) lideri seçilən və sabah baş nazir olmağa hazırlaşan Şigeru İşiba oktyabrın 27-də növbədənkənar seçkilərin keçiriləcəyini açıqlayıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, İşiba açıqlamasında deyib: "Yeni rəhbərliyin ictimaiyyət tərəfindən ən qısa zamanda qiymətləndirilməsinin vacib olduğuna inanıram. Bütün şərtlər uyğun olarsa, oktyabrın 27-də ümumi seçki keçirmək istəyirik".

LDP-də əsas vəzifələrin adlarına da aydınlıq gəlib. Keçmiş baş nazir Taro Asonu özünə müşavir təyin edən Şigeru İşiba başqa bir keçmiş baş nazir Yoşihide Suqanı LDP sədrinin müavini təyin edib. LDP Baş Şurasının keçmiş sədri Hiroşi Moriyama partiyanın baş katibi, keçmiş müdafiə naziri İtsunori Onodera isə partiyanın siyasət rəhbəri təyin edilib. Maliyyə naziri Shuniçi Suzuki LDP Ümumi Şurasının sədri, partiya rəhbərliyi seçkilərində namizəd kimi yarışan keçmiş ətraf mühit naziri Koizumi Şinjiro isə Seçki Strategiya Komitəsinin sədri təyin edilib.

Yaponiyanın baş naziri və LDP sədri Fumio Kişida hakim partiyaya ictimai dəstəyin azaldığını əsas gətirərək tutduğu vəzifədən istefa verəcəyini açıqlayıb və LDP daha sonra yeni sədrini müəyyən etmək üçün seçkilər keçirib. Liderlik yarışının qalibi 67 yaşlı keçmiş müdafiə naziri Şiqeru İşiba olub. LDP və onun hakim partnyoru Komeitonun çoxluq təşkil etdiyi Milli Assambleyada sabah keçiriləcək sessiyada İşiba Yaponiyanın 102-ci baş naziri seçiləcək.