Ağdərə-Nəsirvaz filizləşmə sahəsində axtarış-kəşfiyyat quyusu qazılıb

30 Sentyabr 2024 12:47 (UTC+04:00)

Naxçıvan Muxtar Respublikasındakı Ağdərə-Nəsirvaz filizləşmə sahəsində 251 paqonmetr dərinliyində axtarış-kəşfiyyat quyusu qazılıb. SİA xəbər verir ki, bu, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı" çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin həyata keçirdiyi tədbirlərin davam olaraq baş tutub.

Belə ki, Nazirliyin Geologiya və Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi 2023-cü ilin dekabr ayından Naxçıvan iqtisadi rayonu ərazisində qara, əlvan və nəcib metalların axtarışı və qiymətləndirilməsi işlərinə başlayıb. Bu işlər çərçivəsində axtarış-kəşfiyyat quyusu qazılıb, 38 ədəd kern nümunəsi götürüləcək üzərində laborator analizlər aparılıb, müsbət nəticələr əldə edilib. Belə ki, qurğuşunun (Pb) miqdarı sınaqların 19-da 1,023–2,546 %, 6-da isə 0,5–0,935 % təşkil edib.

Adıçəkilən filizləşmə sahəsində layihə dərinliyi 250 paqonmetr olan 249 paqonmetr dərinliyində ikinci axtarış-kəşfiyyat quyusu da qazılıb. 2024-cü ilin sentyabr ayının sonlarında başa çatan buruq-qazma işləri zamanı kern nümunələri götürülüb və analizlər aparılması üçün laboratoriyaya göndərilib.

Əlvan və nəcib metalların axtarışı və qiymətləndirilməsi məqsədilə indiyədək 1392 m3 həcmində xəndək qazılıb. Layihə üzrə 3-cü axtarış-kəşfiyyat quyusunun qazılacağı yer müəyyənləşdirilib, qazma aqreqatının servis-təmir işlərinə, quyu meydançasına yanaşma yolunun çəkilməsinə və digər kameral işlərə başlanılıb.