COP29: Azərbayacana etimadın və dəyərin göstəricisi TƏHLİL

30 Sentyabr 2024 11:17 (UTC+04:00)

PREZİDENT İLHAM ƏLİYEV: "COP29-un Azərbaycanda keçirilməsi beynəlxalq nüfuzumuzu göstərən vacib amildir"

Qalib, bütövləşən, yeni Azərbaycan daha bir qürurverici hadisə ilə dünyanın diqqətində olacaq. Belə ki, noyabr ayında ölkəmiz BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına - COP29-a ev sahibliyi edəcək. Bununla bağlı qərar COP28-in ötən il dekabrın 11-də Dubayda keçirilmiş plenar iclasında qəbul olundu. Azərbaycan indiyədək bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edib və onların yüksək səviyyədə təşkili təqdir edilir. Lakin dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, COP29 bu vaxta qədər keçirilmiş tədbirlərlə müqayisəyə gəlmir. Hər şeydən öncə qeyd olunması vacib məqam budur ki, Azərbaycanın dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a 2024-cü ildə ev sahibliyi etməsi üçün seçilməsi Azərbaycan Prezidentinin növbəti təntənəli qələbəsi kimi tarixə düşdü. Beynəlxalq ictimaiyyətin bu yüksək etimadı Azərbaycan dövlətinin nüfuz göstəricisinin bariz nümunəsidir. Bu qərar, Qoşulmama Hərəkatına sədrliyimiz və Təhlükəsizlik Şurasına üzvlüyümüzdən sonra xarici siyasətimizin ən böyük uğurudur. Eyni zamanda, son zamanlar Azərbaycana qarşı çirkin kampaniya aparan bəzi dairələrə tutarlı cavabdır. Dövlət başçısı bir daha bu spekulyasiyaları alt-üst etdi və Azərbaycanın müsbət imicinin üzərinə kölgə sala bilməyəcəklərini sübut etdi. Azərbaycan Prezidenti İlham Əliyev bu təşəbbüsü ilə dövlətimizin qüdrətini bir daha dünyaya göstərdi və beynəlxalq aləmdə böyük etimad qazandığını nümayiş etdirdi.

Ölkəmiz qlobal problemlərdən biri olan iqlim dəyişmələrinə qarşı səyləri səfərbər etmək və bu mübarizəyə töhfə verməklə dünyanın diqqət mərkəzində olacaq.

"COP29-UN AZƏRBAYCANDA KEÇİRİLMƏSİ 200-Ə YAXIN ÖLKƏ TƏRƏFİNDƏN YEKDİLLİKLƏ QƏBUL EDİLMİŞ QƏRARDIR VƏ BİZİM BEYNƏLXALQ NÜFUZUMUZU, HÖRMƏTİMİZİ GÖSTƏRƏN VACİB AMİLDİR"

Prezident İlham Əliyev sentyaboın 23-də VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında bildirib ki, COP29-un Azərbaycanda keçirilməsi 200-ə yaxın ölkə tərəfindən yekdilliklə qəbul edilmiş qərardır və bizim beynəlxalq nüfuzumuzu, hörmətimizi göstərən vacib amildir.

Xarici siyasətdə bundan sonra da geriyə heç bir addımın olmayacağını vurğulayan dövlətimizin başçısı bütün qitələrdə dostlarımızın sayının artdığını söyləyib. Deyib ki, biz indi - İkinci Qarabağ müharibəsindən və suverenliyimizi bərpa edəndən sonra daha fəal xarici siyasət aparacağıq.

Bəli, tarixi Zəfər qazanmış Azərbaycan sərbəst xarici siyasət yürütmək gücünə malikdir. Müstəqil, prinsipial xarici siyasət ölkəmizin əsas istiqamətidir. Azərbaycan öz haqq işi uğrunda mübarizə aparıb və bundan sonra da aparacaq. Ölkəmiz heç kimin işinə qarışmır, eyni zamanda, ölkəmizin işinə qarışmaq istəyənlərə də hər dəfə dərs verilir. Azərbaycan çoxdan özünü ləyaqətli və qürurlu dövlət kimi təsdiqləyib. Xüsusilə, tarixi Zəfərimizdən sonra ölkəmizin beynəlxalq nüfuzu bir neçə dəfə artıb, beynəlxalq mövqeləri möhkəmlənib.

VII çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında Prezident İlham Əliyev çıxışı zamanı ölkəmizin beynəlxalq münasibətləri mövzusunda fikir bildirərkən də qeyd etdi ki, bütün qitələrdə dostlarımızın sayı artır. Kim ölkəmizlə ikitərəfli formatda, qarşılıqlı hörmət əsasında əməkdaşlıq etmək istəyirsə, Azərbaycan ikiqat əməkdaşlıq edəcək. Amma əgər kimsə hesab edirsə ki, gəlib Azərbaycana nəsə diktə edəcək, yaxud da ki, ölkəmizi əsassız olaraq ittiham edəcək, ya da ki, hansısa vasitələrlə Azərbaycanı qaralayacaq və sanki heç nə olmamış kimi bu ölkələrlə biz dostluq edəcəyik, bu, səhv təsəvvürdür, bu, olmayacaq. Və….

COP29 BİR DAHA AZƏRBAYCANIN SÜLHPƏRVƏR DÖVLƏT OLDUĞUNU DÜNYAYA BƏYAN EDƏCƏK

Dövlət başçısı İlham Əliyevin COP29-la bağlı fikirlərinə diqqət yetirdikdə bu məqamın xüsusi yer aldığını görürük. Qeyd edir ki, COP29 çərçivəsində inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpü yaratmaq üçün səylərimizi əsirgəməyəcəyik və inkişaf etməkdə olan ölkələrin legitim maraqlarını nəzərə alacaq razılaşmanın əldə edilməsinə çalışacağıq. Azərbaycanın prioritetləri sırasında həm də iqlim dəyişikliyinin mənfi təsiri səbəbindən ekzistensial təhlükə ilə üzləşən inkişaf etməkdə olan kiçik ada dövlətlərinə dəstək yer alır. Azərbaycan inkişaf etməkdə olan kiçik ada dövlətləri üçün xüsusi texniki yardım fondunun yaradılması təşəbbüsü ilə çıxış edib.

Göründüyü kimi, Azərbaycan qlobal problemlərin həllinə töhfələr verən, beynəlxalq həmrəyliyin gücləndirilməsinə çağırışlar edərək bunu əməli fəaliyyəti ilə təsdiqləyən ölkə kimi tanınır və nüfuz qazanır. Hər dövrün çağırışı yüksək səviyyədə cavablandırılır. Şaxələndirilmiş iqtisadiyyatın təşviqi, bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılması ilə iqlim dəyişikliyinə qarşı mübarizədə qlobal məqsədlərə töhfənin verilməsi, qanunun aliliyi və hesabatlılığın möhkəmləndirilməsi, xalqın yaşayış standartlarının yüksəldilməsi istiqamətində qətiyyət göstərən ölkəmiz davamlı tərəfdaşlıq və əməkdaşlığa sadiqdir. COP29 ilə Azərbaycan sülhpərvər dövlət olduğunu bir daha dünyaya bəyan edəcək.

BAKIDA COP29 KONFRANSININ KEÇİRİLMƏSİ BEYNƏLXALQ ALƏMİN HƏR BİR ÜZVÜNÜN RAZILIĞI İLƏ MÜMKÜN OLMUŞDUR

Bəli, bu gün Azərbaycan dünyada qlobal problemlərin həllinə mühüm töhfələr verən və bu istiqamətdə keçirilən beynəlxalq tədbirlərə evsahibliyi edən ölkə kimi tanınır. Bu da, təbii ki, müstəqillik illərində ümummilli lider Heydər Əliyevin formalaşdırdığı uğurlu daxili və xarici siyasət, eləcə də son 21 ildə Prezident İlham Əliyevin yürütdüyü milli maraqlara söykənən siyasi xəttin sayəsində mümkün olub.

"Biz buna layiqik, biz apardığımız siyasət nəticəsində dünya miqyasında çox güclü mövqelərə sahib olmuşuq", - deyən dövlət başçısı bu gün Azərbaycana beynəlxalq aləmdə olan hörmət günbəgün artır və biz bu hörməti öz əməlimizlə, işimizlə, siyasətimizlə qazanmışıq. Bizim müstəqil siyasətimiz, prinsipial mövqeyimiz, beynəlxalq hüquqa bağlılığımız, sədaqətimiz və eyni zamanda, ölkə ərazisində suverenliyin bərpa edilməsi bizə olan hörməti daha da artırdı: "Bu hadisənin önəmi, o cümlədən ondadır ki, bu qərar antiterror əməliyyatından iki ay yarım sonra qəbul olunmuşdur və beləliklə, bir daha bütün dünya ictimaiyyəti Azərbaycana öz dəstəyini ifadə etmişdir. Onu da bildirməliyəm ki, Bakıda COP29 konfransının keçirilməsi beynəlxalq aləmin hər bir üzvünün razılığı ilə mümkün olmuşdur. Yəni, burada yekdil mövqe bir daha özünü göstərdi".

COP29-A HAZIRLIQ İŞLƏRİ ƏN VACİB AMİL

Göründüyü kimi, uğurların əldə olunmasında hazırlıq işlərinin aparılması ilə yanaş, həm də ciddi məsuliyyətdir. Məhz bu məsuliyyətin nəticəsidir ki, Azərbaycan Prezidenti İlham Əliyev ilk gündən hazırlıq işləri ilə bağlı tapşırıqlarını verməklə yanaşı, hər bir işə özü nəzarət edir. Elə bu günlərdə dövlətimizin başçısı Bakı Olimpiya Stadionunun ərazisində COP29-a hazırlıqla bağlı görülən işlərlə tanış olub, tapşırıq və göstərişlərini verib.

Göründüyü kimi, qürurverici faktlardır ki, Prezidentimizin rəhbərliyi ilə ölkəmizdə çoxsaylı qlobal forum və konfranslar, həmçinin beynəlxalq idman yarışları keçirilib. İndi Azərbaycan dünyanın ən nüfuzlu və inkişaf etmiş ölkələri sırasında yer alır.

Dövlətimizin başçısı COP29-la bağlı çıxışına bildirib ki, COP29 beynəlxalq konfransını da biz yüksək səviyyədə keçirəcəyik, bu, ölkəmizin, xalqımızın növbəti böyük uğuru olacaq. Eyni zamanda, Azərbaycan neft-qaz ölkəsi kimi bu sahədə də özünü göstərəcəkdir və dünyada hər kəs bir daha görəcək ki, bizim gündəliyimiz yaşıl enerji ilə bağlıdır. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli hazırda bizim enerji siyasətimizin prioritetidir. Bu, reallıqdır və bütün dünya bunu bir daha görəcək".

"Biz buna layiqik, biz apardığımız siyasət nəticəsində dünya miqyasında çox güclü mövqelərə sahib olmuşuq",-deyən dövlət başçısı bu gün Azərbaycana beynəlxalq aləmdə olan hörmət günbəgün artır və biz bu hörməti öz əməlimizlə, işimizlə, siyasətimizlə qazanmışıq. Bizim müstəqil siyasətimiz, prinsipial mövqeyimiz, beynəlxalq hüquqa bağlılığımız, sədaqətimiz və eyni zamanda, ölkə ərazisində suverenliyin bərpa edilməsi bizə olan hörməti daha da artırdı: "Bu hadisənin önəmi, o cümlədən ondadır ki, bu qərar antiterror əməliyyatından iki ay yarım sonra qəbul olunmuşdur və beləliklə, bir daha bütün dünya ictimaiyyəti Azərbaycana öz dəstəyini ifadə etmişdir. Onu da bildirməliyəm ki, Bakıda COP29 konfransının keçirilməsi beynəlxalq aləmin hər bir üzvünün razılığı ilə mümkün olmuşdur. Yəni, burada yekdil mövqe bir daha özünü göstərdi".

Bir sözlə, Prezident İlham Əliyevin bu təşəbbüsü də əvvəlkilər kimi ölkəmizin qüdrətini bütün dünyaya nümayiş etdirdi. Və bu gün Azərbaycan, dövlət başçımızın söylədiyi kimi: "Apardığımız siyasət nəticəsində dünya miqyasında çox güclü mövqelərə sahib olmuşuq…Mən şübhə etmirəm ki, COP29 beynəlxalq konfransını da biz yüksək səviyyədə keçirəcəyik, bu, ölkəmizin, xalqımızın növbəti böyük uğuru olacaq. Eyni zamanda, Azərbaycan neft-qaz ölkəsi kimi bu sahədə də özünü göstərəcəkdir və dünyada hər kəs bir daha görəcək ki, bizim gündəliyimiz yaşıl enerji ilə bağlıdır. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli hazırda bizim enerji siyasətimizin prioritetidir. Bu, reallıqdır və bütün dünya bunu bir daha görəcək".

RƏFİQƏ KAMALQIZI