Nepalda torpaq sürüşməsi və sel fəlakəti olub - 193 nəfər həyatını itirib

30 Sentyabr 2024 10:54 (UTC+04:00)

Cənubi Asiya ölkəsi Nepalda günlərlə davam edən leysan yağışların səbəb olduğu sel və torpaq sürüşmələrində 193 nəfər həyatını itirib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Nepal polisinin verdiyi açıqlamada ölkə daxilində baş verən sürüşmə və daşqınlar nəticəsində indiyədək 193 nəfərin öldüyü bildirilib. 31 nəfərin hələ də itkin düşdüyü, 96 nəfərin yaralandığı bildirilib.

Bildirilib ki, ölüm hallarının çoxu paytaxt Katmanduda qeydə alınıb, orada güclü yağışlar yağıb, şəhərin cənub hissəsinin əhəmiyyətli hissəsi su altında qalıb. Katmandu və ətraflarında itkin düşənlərin tapılması istiqamətində axtarış-xilasetmə işlərinin davam etdiyi bildirilib. Axtarış-xilasetmə rəsmiləri sürüşmə nəticəsində bəzi əsas yolların bağlandığını və avtomobillərin yolda qaldığını qeyd ediblər. Ölkədə hər il iyun-sentyabr ayları arasında təsirli olan musson yağışları can və mal itkisinə səbəb olur.