Kədərli xəbər gəldi! - daha bir əfsanəni itirdik

30 Sentyabr 2024 10:47 (UTC+04:00)

Amerikalı müğənni, bəstəkar və aktyor Kris Kristofferson 88 yaşında Havay ştatının Maui adasındakı evində dünyasını dəyişib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, məşhur müğənni və aktyorun mətbuat katibi Ebi Makfarland Kristoffersonun ölümü ilə bağlı açıqlama verib. 88 yaşlı Kristoffersonun Mauidəki evində öldüyünü bildirən Makfarland ölüm səbəbi ilə bağlı məlumat verməyib.

Kristofferson 2021-ci ildə səhnə ilə vidalaşıb və bəzi tədbirlərə nadir hallarda qatılıb. Kantri musiqisində ilk ağla gələn adlardan biri olan Kristofferson bir çox Hollivud filmində çəkilib.

BBC-də yer alan xəbərə görə, Kristoffersonun ailəsinin bəyanatında bu sətirlər yer alırdı: "Bu illər ərzində onu sevdiyiniz üçün təşəkkür edirəm... Nə vaxt göy qurşağını görsəniz, bilin ki, o, yuxarıdan hamımıza gülümsəyir".

Qeyd edək ki, 1960-cı ildə İngiltərənin Oksford Universitetini bitirən Kris Kristofferson dərhal ABŞ-a qayıdaraq orduya qatılıb. O, əslində ədəbiyyat müəllimi kimi orduya gedib. Lakin onun oradakı fəaliyyəti uzun sürmədi. Ölkəsinə qayıtdıqdan 5 il sonra o, kantri musiqisinin ürəyi kimi tanınan Neşvilə səfər edib. Bu vəziyyət onun həyatının dönüş nöqtəsi oldu. O, ordudakı vəzifəsindən istefa verib və musiqi dünyasında karyera qurmaq qərarına gəlib. Tezliklə 1972-ci ildə etdiyi "Help Me Make It Through the Night" mahnısı ona üç Qremmi mükafatı gətirdi. Kris Kristofferson da bu uğurdan bir il əvvəl aktyorluq sahəsinə qədəm qoyub. 1976-cı ildə "Ulduz doğulur" filmində kamera qarşısına keçib. Orada canlandırdığı personaj Con Norman Hovard ona Qızıl Qlobus qazandırıb. Kris Kristofferson bu filmlə bir neçə nəsil tamaşaçının yaddaşına həkk olunub.