Günəşin enerji istehsalı potensialı və Türkiyə

29 Sentyabr 2024 22:34 (UTC+04:00)

Dünyanı işıqlandıran günəş sivilizasiyaların və tarixin formalaşmasında hər zaman ən önəmli amillərdən biri olub. Tarladakı buğdadan küçədəki insana qədər Yer üzündə yaşayan hər bir canlı günəşin bəsləyici gücünə möhtacdır. Lakin sənaye inqilabı ilə birlikdə enerjiyə olan tələbatın artması günəşin sadəcə isidici təsirini deyil, enerji istehsalı potensialını da üzə çıxardı.

SİA-nın əldə etdiyi məlumata görə, Günəş enerjisindən elektrik istehsalı 1839-cu ilə gedib çıxır. Fransız alim Edmond Bekerel (Edmond Becquerel) tərəfindən irəli sürülən nəzəriyyə üzərində aparılan tədqiqatlarla ilk dəfə 1954-cü ildə ticarəti həyata keçirildi. İlk günəş enerjisi panelləri də 1954-cü ildə ABŞ-da istehsal edildi.

Türkiyənin gündəminə isə günəş enerjisi 1970-ci illərdə daxil oldu. Dünyada günəş enerjisi texnologiyalarında olan proseslərə paralel olaraq bu mövzu universitet, dövlət və özəl sektorlar tərəfindən müzakirə olunmağa başladı.

Günəş enerjisi üzrə ilk konqres 1975-ci ildə İzmir şəhərində keçirilib. İlk passiv günəş enerjisi yoxlanışı isə Orta Doğu Texniki Universitetində 1975-ci ildə təsis edilib.

Türkiyə coğrafi mövqeyinə görə əhəmiyyətli bir günəş enerjisi potensialına sahibdir. Energetika Nazirliyi tərəfindən hazırlanan Türkiyənin Günəş Enerjisi Potensialı Atlasına (GEPA) görə ümumi günəşlənmə müddəti gündəlik 7,5, illik isə 2 min 737 saat olaraq müəyyən edilib. Yenə eyni atlasa əsasən, ölkəyə il ərzində düşən ümumi günəş enerjisi 1527 kWh/m², gündəlik isə 2 kWh/m² olaraq təyin olunub. Bu məlumatların işığında yatırımlar hər gün artır. 2024-cü il avqust ayının sonu etibarilə Türkiyənin quraşdırılmış gücü 113.932 MW-a çatıb.

2024-cü ilin avqust ayının sonuna görə quraşdırılmış gücün mənbələrə görə paylanmasında bərpa olunan enerji mühüm bir yer tutur. Bu enerjinin təxminən 42%-i qalıq yanacaqlardan təmin edilir. Bərpa olunan enerjinin payı demək olar ki, 60%-ə çatmaq üzrədir. Elektrik üçün 28,3%-i hidroenerji, 10,8%-i külək, 1,5%-i isə geotermal enerji mənbələrindən əldə olunur.

Bərpa olunan enerji içərisində ən əhəmiyyətli istehsal mənbələrindən biri də günəşdir. Türkiyə elektrik tələbatının 16,2%-i günəş enerjisindən təmin olunur. Bundan əlavə, ölkədə ümumilikdə 29 min 163 günəş stansiyası mövcuddur. Ancaq mövcud potensialın ən yüksək səviyyədə qiymətləndirilməsi üçün müxtəlif proqramlar da hüquqi qəbul gördü. Bunlar arasında üzən günəş enerjisi stansiyaları (GES) da yer alır.

Türkiyənin üzən GES potensialı təxminən 80 min meqavat olaraq hesablanır. Quraşdırılması üçün torpaq və ya bərk yerə ehtiyacı olmayan üzən GES-lər üçün dayanıqlı dəniz sahələri, hidroelektrik stansiya və içməli su mənbələrinin olduğu sahələr, həmçinin tullantı sularının toplandığı süni göllər kifayət edir.

Üzən GES-lər yerləşdirildiyi su hövzələri sayəsində kənd təsərrüfatı, sənaye və ya ticarət məqsədli ərazilərdə istifadə olunan günəş stansiyaları ilə rəqabət aparmır. Torpaq və dam ehtiyacı olan digər günəş stansiyaları ilə müqayisədə sıx əhalisi olan ərazilərin yaxınlığında quraşdırıla bilir. Torpaq tipli panellərlə müqayisədə dinamik hərəkət imkanı təmin edir və kölgələnməyə məruz qalmadan fəaliyyət göstərir. Üzən GES-lərdə toz və kir yığılma dərəcəsinin çox aşağı olması məhsuldarlığın azalmasının qarşısını alır.

Bütün bu yatırımlarla Türkiyənin günəş enerjisi gücünün növbəti 10 il ərzində 500% artaraq təxminən 53 qiqavata çatması gözlənilir. Beləliklə, günəş enerjisinin ən mühüm elektrik istehsalı mənbəyinə çevrilməsi də planlaşdırılır.

Dünya da günəş enerjisi investisiyalarını hər keçən il daha da artırır. 2023-cü ildə dünya üzrə elektrik istehsalının 5,5%-i günəş enerjisindən təmin olunub. Günəş enerjisindən istifadə 23,2% artıb. Qlobal miqyasda elektrik istehsalında illik ən böyük artım günəş enerjisi olaraq müəyyən edilib.

Günəş enerjisi istehsalında Çin 306 min 973 MW istehsal ilə birinci yerdədir. Ardınca 95 min 209 MW ilə ABŞ və 74 min 191 MW ilə Yaponiya gəlir. Bu ölkələri Almaniya, Hindistan, İtaliya, Avstraliya və Cənubi Koreya izləyir. Türkiyə də günəş enerjisindən elektrik istehsalında ilk 20 ölkə arasında yer alır.