Göktürkün “Zafer kokan şiirler”i Türkiyədə tanıdıldı

29 Sentyabr 2024 18:15 (UTC+04:00)

Azərbaycanın Türkiyədəki səfirliyinin təşkilatçılığı ilə Ankarada yazıçı, jurnalist Aida Eyvazlı Göytürkün tərtibatında “Zafer kokan şiirler” kitabının təqdimat mərasimi keçirilib. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Səfirliyin nəzdində yerləşən Şuşa Konqres Mərkəzində baş tutan tədbir 27 Sentyabr Vətən Müharibəsi Şəhidlərinin Xatirəsinə həsr olunub.

Mərasimdə çıxış edən Azərbaycan Respublikasının Türkiyədəki səfiri Rəşad Məmmədov bildirib ki, 44 günlük Vətən Müharibəsində şəhid olan və yaralanan hərbçilərin şerlərindən ibarət kitab Türkiyə türkcəsinə çevrilib və bu ölkənin oxuculara təqdim olunur.

“Zəfər qoxulu şeirlər”in tərtibatçısı Aida Eyvazlı Göytürk deyib ki, kitabda həmçinin 2016-cı il Aprel şəhidlərinin şeirləri də yer alır: “Şair ruhu ilə özlərini odun-alovun içinə atan qəhrəman əsgərlərimiz öz həyatlarını Vətən üçün fəda edərək Zəfər çalmağı bacardılar”.

Kitabı Türkiyə türkcəsinə uyğunlaşdıran Atabey Barış “Bengü" nəşriyyatına təşəkkürünü bildirərək bu yayın evi vasitəsilə türk dünyasının 100-dən çox əsərini Türkiyədə tanıdan və 2024-cü ilin sentyabr ayında dünyasını dəyişən Avrasiya Yazarlar Birliyinin rəhbəri Yaqub Öməroğlunu da ehtiramla yad edib.

Tədbir bədii proqramla başa çatıb. Ankara Opera və Balet Teatrının azərbaycanlı əməkdaşı, peşəkar pianoçu Nailə Əhmədovanın ifasında Azərbaycan musiqiləri səslənib. N.Əhmədova bildirib ki, tədbirdə ilk dəfə yeni aranjimanda ifa etdiyi “Ay Laçın” xalq mahnısı Kanadada yaşayan həmyerlimiz, aranjımançı Leyla Qasmova Quluzadənin əməyinin məhsuludur.