Qoşulmama Hərəkatı təşkilatı çərçivəsində Efiopiya ilə əməkdaşlıq yüksək səviyyəyə çatıb - Kamran Əliyev

29 Sentyabr 2024 17:06 (UTC+04:00)

Sentyabrın 29-da Azərbaycan Respublikasının baş prokuroru Kamran Əliyev Efiopiya Federativ Demokratik Respublikasının Ədliyyə Nazirliyinin dövlət naziri Tesfaye Vakjiranın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Baş Prokurorluğun mətbuat xidmətindən SİA-ya bildirilib ki, əvvəlcə Tesfaye Vakjiranı ötən ilin dekabr ayında vəzifəyə təyin olunması münasibətilə təbrik edən baş prokuror Kamran Əliyev Qoşulmama Hərəkatı təşkilatı çərçivəsində Efiopiya ilə əməkdaşlığın yüksək səviyyəyə çatdığını və münasibətlərin gündən-günə möhkəmləndiyini qeyd edib.

Ölkəmizin prokurorluq orqanlarında aparılan genişmiqyaslı islahatlardan danışan Kamran Əliyev müasir dövrdə prokurorluğun cinayətkarlıqla mübarizədə rolundan və bu sahədə beynəlxalq əməkdaşlığın önəmindən danışıb, ölkələrarası təcrübə mübadiləsi, prokurorluq əməkdaşlarının ikitərəfli səfərlərinin əhəmiyyətindən bəhs edib.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un ölkəmizdə keçirilməsinin tarixi əhəmiyyətini vurğulayan baş prokuror, belə beynəlxalq tədbirlərin dünya ölkələri arasında birliyin möhkəmlənməsinə böyük töhfə verdiyini diqqətə çatdırıb.

Kamran Əliyev efiopiyalı həmkarını noyabrın 15-də Azərbaycan Respublikası Baş Prokurorluğu ilə BMT-nin Narkotiklər və Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin (UNODC) Bakıda keçiriləcək yüksək səviyyəli plenar iclasına dəvət edib.

Baş prokuror Kamran Əliyev iki ölkənin prokurorluq və ədliyyə orqanları arasında əlaqələrin gücləndirilməsinin əhəmiyyətindən, ölkələrimizin “ASAN xidmət” konsepsiya çərçivəsində gördüyü işlərin mövcud qarşılıqlı münasibətlərin inkişafına müsbət təsirindən danışıb.

Nümayəndə heyətinin rəhbəri səmimi qəbula görə minnətdarlığını ifadə edərək iki ölkə arasında münasibətlərin hərtərəfli inkişafı üçün əlverişli səmimi mühitin olduğunu qeyd edib.

Nümayəndə heyətinin ölkəmizə işgüzar səfəri davam edir.