IV Beynəlxalq Bəstəkarlıq Müsabiqəsinin yekun konserti olub

28 Sentyabr 2024 19:33 (UTC+04:00)

Kamera və Orqan Musiqisi Zalında Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalı çərçivəsində Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyəti tərəfindən Nyu-York şəhərində keçirilmiş IV Beynəlxalq Bəstəkarlıq Müsabiqəsinin yekun konserti keçirilib.

SIA xəbər verir ki, tədbirdə çıxış edən IV Beynəlxalq Bəstəkarlıq Müsabiqəsinin münsiflər heyətinin üzvü, Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Cəlal Abbasov müsabiqə haqqında ətraflı məlumat verib.

O bildirib ki, bu il müsabiqədə dörd qitədən 22 ölkənin nümayəndəsi iştirak edib.

“Müsabiqə Azərbaycan xalq mahnılarına həsr olunub. Müsabiqədə ABŞ-dan olan bəstəkar Kian Ravai qalib olub. İkinci yeri Ceyhun Allahverdiyev (Azərbaycan), 3-cü yeri isə Xuanxo Villaroya Qrau (İspaniya) tutub. Bu gün onların ifalarını dinləyəcəyik”, - deyə o əlavə edib.

Daha sonra konsert proqramı musiqi nömrələri ilə davam edib.

Konsertdə “Sevgilimin bağçası”, “Sarı gəlin və çöl ağacı çiçəyi”, “Şuşanın dağları”, “Sarı gəlin”, “Basma-basma tağları”, “Girdim yarın bağçasına”, “Bağa girdim üzümə” xalq mahnıları səsləndirilib.