Bakı və Düşənbə arasında əməkdaşlıq müzakirə edilib

28 Sentyabr 2024 10:53 (UTC+04:00)

BMT Baş Assambleyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov tacikistanlı həmkarı Sirojiddin Muhriddin ilə Bakı və Düşənbə arasında ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə edib. SİA xəbər verir ki, bu barədə C.Bayramov “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

“Biz ölkələrimiz arasında qardaşlıq, dostluq, ümumi tarixi və mədəni əlaqələrə əsaslanan ikitərəfli və çoxtərəfli əməkdaşlığımızın perspektivlərini müzakirə etdik”, - paylaşımda bildirilib.

Öz növbəsində Tacikistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti iki ölkənin təşəbbüslərinin, o cümlədən beynəlxalq arenada su və iqlim məsələləri üzrə mütəmadi olaraq dəstəklənməsinin müsbət təcrübəsini qeyd edib:

“Görüş zamanı tərəflər iki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən ticari-iqtisadi və mədəni-humanitar sahələrdə mövcud olan əlaqələr kompleksinin mövcud vəziyyəti və perspektivlərini müzakirə ediblər. Nazirlər, həmçinin COP29-a hazırlıq prosesinin vacibliyini vurğulayıblar”.