“Helen” milyona yaxın insanı işıqsız qoydu

28 Sentyabr 2024 06:02 (UTC+04:00)

“Helen” qasırğası ABŞ-nin bir sıra ştatlarında elektrik enerjisinin kəsilməsinə səbəb olub. SİA xəbər verir ki, Floridada 1,3 milyona yaxın, Corciya ştatında 500 mindən çox, Cənubi Karolina ştatında 110 min, Şimali Karolina ştatında isə 30 min insan işıqsız qalıb.

“Helen” qasırğası cümə axşamı günü yerli vaxtla saat 23:10-da Florida ştatının şimalına çatıb. Qasırğanın mərkəzində küləyin sürəti saatda 225 kilometr olub. Leysan yağışları səbəbindən bölgədə daşqınlar baş verib. Təbii fəlakət nəticəsində azı üç nəfərin öldüyü bildirilir.

Florida, Corciya, Şimali Karolina, Cənubi Karolina, Alabama və Virciniya ştatlarında fövqəladə vəziyyət rejimi elan olunub.

Hazırda sürəti saatda 145 kilometrədək zəifləyən qasırğanın şənbə günü Tennessi ştatına çatacağı gözlənilir.