Qarabağ müharibəsi şəhidlərinin xatirəsi Ankarada ehtiramla anılıb - FOTOLAR

28 Sentyabr 2024 04:40 (UTC+04:00)

Ankaradakı “Şuşa” Konqres Mərkəzində 27 sentyabr - Anım gününə həsr olunmuş anım tədbiri keçirilib. SİA xəbər verir ki, tədbir Azərbaycanın Türkiyədəki Səfirliyinin təşəbbüsü, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV) təşkilati dəstəyi ilə keçirilib.

Diplomatlar, şəhid ailələri üzvləri, qazilər, kursantlar, iki ölkə ictimaiyyətinin nümayəndələri ölkəmizin bütövlüyü və birliyi uğrunda canlarından keçmiş Azərbaycan övladlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Türkiyə və Azərbaycanın dövlət himnləri səsləndirilib, şəhidlərin xatirəsinə Qurandan surələr oxunub.

Tədbir iştirakçıları 44 günlük Vətən Müharibəsi hadisələri ilə bağlı xatirələrini bölüşüb, Türkiyə-Azərbaycan birliyinin əhəmiyyətini vurğulayıblar.

Türkiyənin Din məsələləri üzrə Ali Şurasının nümayəndəsi Zafer Koç tədbir iştirakçılarına İkinci Qarabağ müharibəsi zamanı Naxçıvanda olduğunu deyib. “Qardaş xalqla birlikdə Qələbə sevincini yaşadım üçün qürur duyuram. Şəhidlər ölməz”, - deyən Koç, Azərbaycan qəhrəmanlarının xatirəsinə dualar oxuyub.

44 günlük Vətən Müharibəsi mövzusunda Qarabağ müharibəsi şəhidlərinin dəfn mərasimini əks etdirən videoçarx nümayiş etdirilib.

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov bildirib ki, müharibə qəhrəmanlarının xatirəsi ölkəmizin hər bir guşəsində yaşayır. “Şəhidlərin xatirəsinə hər il çoxsaylı tədbirlər təşkil olunur. Gənc nəslin qəhrəmanların xatirəsini yaşatması və ehtiramla yad etməsi üçün hər şey edilir”, - deyə diplomat bildirib.

Daha sonra çıxış edən TADİV-in rəhbəri, professor Aygün Attar Azərbaycanın 44 günlük Vətən Müharibəsində qazandığı Zəfərin tarixi əhəmiyyətinə diqqət çəkib. O qeyd edib ki, Azərbaycan övladlarının şücaəti sayəsində tarixi ədalət bərpa olunub, işğala, separatizmə son qoyulub.

“Azərbaycan Silahlı Qüvvələri Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə respublikanın tarixi torpaqlarının uzunmüddətli işğalına son qoyub”, - deyən Attar separatçı liderlərin bu gün Azərbaycan həbsxanalarında ədalətli mühakiməni gözlədiyini əlavə edib.

Azərbaycanın Ankaradakı səfirliyinin nəzdində mədəniyyət mərkəzinin rəhbəri Samir Abbasov bildirib ki, rəhbərlik etdiyi strukturun təşəbbüsü ilə Türkiyənin tanınmış bəstəkarı Ayhan Özel Azərbaycanın Qarabağ müharibəsində qələbəsinə və Azərbaycan şəhidlərinin mübarək xatirəsinə həsr olunmuş opera yazıb. İki qardaş ölkənin ictimaiyyəti yaxın vaxtlarda bu opera ilə bağlı məlumatlandırılacaq.

Tədbir iştirakçılarına 44 günlük Vətən Müharibəsi zamanı Azərbaycan ordusunun uğurlu fəaliyyətinin ətraflı təhlili təqdim olunub.

Tədbir çərçivəsində Azərbaycan şəhidlərinin xatirəsinə həsr olunmuş fotosərgi təşkil olunub.