Həzi Aslanovun xatirəsinə həsr olunmuş cüdo turniri keçiriləcək

27 Sentyabr 2024 20:24 (UTC+04:00)

Sentyabrın 28-də Lənkəran Olimpiya İdman Kompleksində iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunlarının qvardiya general-mayoru Həzi Aslanovun xatirəsinə həsr olunmuş cüdo üzrə ənənəvi 40-cı açıq yubiley turniri keçiriləcək.

SİA xəbər verir ki, yarışda 18 yaşadək yeniyetmə cüdoçular (2008-2010-cu illər təvəllüdlü oğlanlar) iştirak edəcəklər.

Beynəlxalq Cüdo Federasiyasının təsdiq etdiyi qaydalara və Azərbaycan Cüdo Federasiyasının reqlamentinə uyğun olaraq təşkil ediləcək ənənəvi yarışda 200-ə yaxın idmançının iştirakı gözlənilir.

Oğlanlar arasında 8 çəki dərəcəsi üzrə təşkil olunacaq turnirə sentyabrın 28-də saat 10:00-da start veriləcək. Yarışın rəsmi açılış mərasimi isə saat 16:00-da Lənkəran Olimpiya İdmana Kompleksində olacaq. Mərasimin ardınca final görüşləri və mükafatlandırma mərasimi keçiriləcək. Qaliblər diplom, medal və qiymətli hədiyyələrlə təltif olunacaqlar.

Yarışın keçirilməsində əsas məqsəd gənclərə vətənpərvərlik hissi və döyüş ruhunu aşılamaq, onların Vətənin müdafiəsinə hazırlıq səviyyəsini artırmaq, həmçinin idmançılar arasında dostluq və yoldaşlıq hisslərini möhkəmləndirməkdən ibarətdir.