"Hazırda yanğının söndürülməsi işləri tamamlanır" - Taleh Babayev

27 Sentyabr 2024 16:49 (UTC+04:00)

“Saat 13:32-də Xətai rayonu Süleyman Əhmədov küçəsində boya sexində yanğın baş verməsi haqqında məlumat Nazirliyin 112 qaynar xəttinə daxil olmuşdur”. SİA xəbər verir ki, bu sözləri Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin xidmət rəisinin müavini polkovnik Taleh Babayev deyib.

O bildirib ki, dərhal hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin, eləcə də xüsusi xilasetmə xidmətinin qüvvələri cəlb olunmuşdur: “Dörd dəqiqə ərzində qüvvələr hadisə yerinə çatmış, yanğının söndürülməsi işinə müdaxilə etmişdir.

Təxminən 3500 m2 sahədə yerləşən boya sexinin ərazisində boya çənləri, qatqı materialları, eyni zamanda plastik qablarda yanğın baş vermişdir. Yanğının söndürülməsinə qısa bir zamanda nail olunmuşdur. Hazırda yanğının söndürülməsi işləri tamamlanır.

Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin çıxış cədvəlinə əsasən 3 saylı çağırışla texnika cəlb olunmuş, 12 yanğın avtomobili yanğının söndürülməsində iştirak etmişdir”.