“27 sentyabr Azərbaycan xalqının böyük qəhrəmanlığını sübut etdi" - SORĞU

27 Sentyabr 2024 16:29 (UTC+04:00)

Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılmış Vətən müharibəsinin başlamasından dörd il ötür. Otuz ilə yaxın işğal altında qalan torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgərlərimizin və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad edildi. SİA 27 sentyabr - Anım Günü ilə bağlı sorğu edib.

Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının sədri Arif Rəhimzadə: “27 sentyabr tarixi Azərbaycan xalqının böyük qəhrəmanlığını sübut etdi. Bu qəhrəmanlığı təşkil edən, formalaşdıran isə ölkə başçısı İlham Əliyev oldu. Biz bu qələbəni uzun illər gözləmişik. Əslində isə bu qələbənin əsası 1993-cü ildə Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəldikdə qoyulmuşdu. Ümummilli Lider hakimiyyətə gəlməsəydi Azərbaycan xalqı tamamilə məhv olacaqdı. Məhz onun qoyduğu bünövrə üzərində müasir Azərbaycan, ordu yaradıldı və xalq birliyi təmin olundu. Bu qələbəni qazanmağımızda canlarından keçən şəhidlərimizi ehtiramla yad edirik”.

Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının üzvü Əli Həsənov: “Bu gün, yəni 27 sentyabr tarixi xalqımız üçün anım günüdür. Eyni zamanda bu tarix torpaqlarımızın işğaldan azad edilməsi, qələbəyə gedən yolun başlanğıcıdır. Buna görə də bu gün şəhidlərimiz olduğu üçün kədərlənir, torpaqlarımızı işğaldan azad etdiyimiz üçün isə sevinirik.

Ümumiyyətlə 44 günlük müharibə dünya hərb tarixində analoqu olmayan bir müharibədir və bu günə kimi dünyanın ən məşhur, təcrübəli hərbi ekspertləri bu qələbəni 44 gündə necə əldə etdiyimizin sirrini öyrənə bilmirlər. Şuşanın sıldırım qayalarının əsgərlərimiz tərəfindən hansı formada gedilməsi hələ də dünyaca məşhur hərb ekspertlərinin maraq dairəsindədir. Lakin bu sirri yalnız cənab Prezident İlham Əliyev bilir. “Dəmir yumruq”un ilk dadını da elə bizim generallar gördülər və məhz bundan sonra sürətlə irəliləməyə başladılar. Sonrakı dövr isə hər kəsə bəllidir, ordumuz ildırım sürəti ilə Şuşaya çatdı. Bu Azərbaycan və dünya hərb tarixində görülməmiş bir hadisə idi”.

Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının üzvü, professor Misir Mərdanov: “27 sentyabr Azərbaycan tarixində ən yadda qalan gündür. Çünki bu gündən başlayaraq Vətənimizin azad olunması, suverenliyi əldə etmək üçün Ali Baş Komandanın rəhbərliyi ilə əsgərlərimiz 44 günlük müharibəyə başladılar və biz qələbə əldə etdik. Bu gün sevindirici və yaddaqalan gündür. Eyni zamanda həm də bu gün şəhidlərimiz olduğu üçün kədərliyik. 27 sentyabr tarixini unutmamalı, hər hir şəhidin xatirəsini əziz tutmalıyıq”.

YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov: “Bu gün 27 sentyabr- Anım günüdür və 4 il öncə 2020-ci ilin məhz bu günü Ali Baş Komandanın rəhbərliyi altında şanlı Azərbaycan ordusu 30 ilə yaxın müddət ərzində davam edən düşmən işğalına son qoymaq üçün əks-hücum əməliyyatına başladı. Həmin dövrdən keçən 44 gün ərzində biz Azərbaycan xalqının Ali Baş Komandanın ətrafında bir yumruq kimi birləşdiyini gördük. Bu yolda, bu şanlı zəfər uğrunda Azərbaycan vətəndaşları, gənclərimiz, ordumuzun üzvləri şəhid və qazi oldular. Həmçinin sonrakı dövrdə də biz Azərbaycan gəncliyinin necə vətənpərvər, dövlətçilik ruhunda böyüdüyünün, formalaşdığının şahidi olduq.
Azərbaycan artıq istər regionda, istərsə də dünyada daha qüdrətli dövlət olaraq tanınır və qəbul olunur.

Bu gün isə anım günüdür və biz şəhidlərimizi heç bir zaman unutmuruq. Sadəcə 27 sentyabr tarixində deyil, digər günlərdə də şəhidlərimizi hər zaman yad edirik. Bu bizim qan yaddaşımızdır və borcumuzdur ki, bizdən sonra gələn gənc nəslə şanlı tariximizdən bəhs edərkən şəhidlərimizdən də danışaq və daşıdığımız dəyərləri bizdən sonrakı nəslə də ötürək”.