"Ermənistan hiss olunur ki, hələ tam dərs almayıb" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

27 Sentyabr 2024 16:15 (UTC+04:00)

"Ermənistan adında dövlət, təbii ki, bir layihədir. Azərbaycan və Türkiyənin arasında yaradılmasında əsas məqsəd bu iki böyük türk xalqını bir-birindən ayırmaq, həmişə nifaq salmaqla bu bölgədə dincliyin olmaması üçün yaradılıb". Bu sözləri SİA-ya açıqlamasında deputat Vüqar İskəndərov deyib.

O bildirib ki, böyük tarixi qələbə ilə biz dünya erməniliyinin belini sındırdıq və Ali Baş Komandanın rəhbərliyi altında şanlı ordumuz, əsgər və zabitlərimiz misilsiz şücaət göstərərək dünyada bir vətənpərvərlik, qəhrəmanlıq, ustad dərsi göstərdilər: "Biz bu gün suverenliyimizi tam bərpa etmiş ölkəyik, qürurluyuq. Bu gün bu qürur, əzmlə işğaldan azad etdiyimiz Qarabağ və Şərqi Zəngəzur bölgəsində böyük bərpa, abadlıq, tikinti, quruculuq işlərini aparırıq. Misli görünməmiş sürətlə, keyfiyyətlə bu işi uğurla icra edirik. Dünya 2020-ci ilin 27 sentyabrdan bu günə qədər dövlətimizi heyrətlə izləməkdədir. Bu qələbə ilə təbii olaraq böyük bir daşları oynatdığımızın fərqindəyik. Ölkə başçımızın qeyd etdiyi kimi biz elə bir böyük qələbə qazanmışıq, elə daşları da oynatmışıq ki, bu gün üstümüzə çox böyük dövlətlər gəlir.

ABŞ, Fransa, Kanada, Avstraliya, Almaniya, Niderland və sair dövlətlər bu gün bütün vəhclə Ermənistanın yanında olaraq onu dəstəkləməklə Azərbaycana, Türkiyəyə təzyiq göstərməyə çalışırlar. Ölkə başçımız cənab İlham Əliyevin zəkası, uğurlu siyasəti, qətiyyəti bütün təzyiqlərin qarşısını alır və Azərbaycan eyni sürətlə, uğurla öz inkişaf yolundadır. Ermənistan hiss olunur ki, hələ də tam dərs almayıb. Ona ürək-dirək, silah verən qüvvələr və dövlətlərin təhriki ilə yenidən eskalasiyaya meyilli olduğunu göstərir. Ermənistanın baş naziri Nikol Paşinyan yaxşı anlayır ki, bir də müharibə edə bilməz. Onların başı necə əzilibsə, ayağa qalxmaqlarına uzun illər lazımdır. Ordu yox, mütəşəkkillik yox, hələ on mindən yuxarı fərarisi olan bir ordunun hər hansı müharibə cəhdləri real deyil. Amma Azərbaycanın təklif etdiyi sülh müqaviləsində imzalanmaması Ermənistanın hər vəchlə bundan yayınması bir daha bizi düşünməyə vadar edir ki, bu qara qüvvələr Ermənistana dəstək verərək bölgədə sülhün əldə olunmamasına çalışırlar".

Onun sözlərinə görə, Ermənistan konkret Azərbaycanın şərtləri qarşısında dalandadır: "Çünki yarımçıq sülh müqaviləsi Azərbaycana lazım deyil. Real, rasional, beynəlxalq hüquqla qəbul edilən əsl sülh müqaviləsinin imzalanması üçün Azərbaycanın şərtləri var. Onların birincisi Ermənistan konstitusiyasının da Azərbaycana qarşı torpaq iddialarının ləğv edilməsi, yeni qanununun qəbul edilməsidir. Minsk qrupunun tamamilə dəfn edilməsi, Ermənistan tərəfindən bunun etiraf edilməsi bağlı məsələni sonra müzakirə edəcəyimizi də güzəştlə etmişik. Ermənistan artıq bu şərtləri icra etməlidir ki, real sülh müqaviləsi imzalansın. Hələlik ABŞ, Fransa və digər qüvvələrin təsiri ilə Ermənistan real sülh müqaviləsi imzalamağa çəkinir. Əksinə onu müddətsiz zamana buraxmaqla vaxt qazanır. Özünün düşüncəsi ilə bu vaxtı qazanmaqla silahlar alır, orduda silahları artırmaqla bir növ revanş etmək xülyalarına düşdüyünü göstərir. Cənab Prezidentin yeddinci çağırış Milli Məclisinin ilk iclasında dediyi kimi Azərbaycan da öz qüdrətini artırır, Ermənistanın belə xam xəyallara düşməsi onun üçün çox baha başa gələ bilər. Bunu Ermənistan və onu dəstəkləyən qüvvələr də bilməlidir. Azərbaycan real sülh müqaviləsi imzalamaqda maraqlıdır, lakin Ermənistan bu müqaviləni imzalamayacaqsa, belə yarımçıq sülh Ermənistandan əvvəl Azərbaycana lazım deyil.

Biz bölgələrimizdə abadlıq işlərini görürük, "Böyük Qayıdış" proqramı icra edirik. Ermənistan isə belə mənfur siyasətlə yalnız keçən vaxtlarda özü uduzur. Özünü dalanda saxlamaqla çətin vəziyyətdə yaşamaqla özünü çox dərin quyuya salmış olur. Artıq bütün şərtlər ortadadır. Açıq və aydın göstərilir. İndi Ermənistanı dəstəkləyən qüvvələr və Ermənistan yaxşı düşünməli, və real addımlar atmalıdır".