"Gənc ailələr və ailə üzvləri arasında sorğu keçirmək lazımdır" - SOSİOLOQ FİKİR BİLDİRDİ

27 Sentyabr 2024 15:27 (UTC+04:00)

“Cəmiyyət günü-gündən mürəkkəbləşdikcə, ailə münasibətlərinə təsir edən faktorların sayı artdıqca onları təkcə maarifləndirmə yolu ilə həll etmək olmaz. Bu qəti mümkün deyil. Çünki maarifləndirmə işin bir tərəfidir”. Bu sözləri SİA-ya açıqlamasında sosioloq Əhməd Qəşəmoğlu deyib.

Əhməd Qəşəmoğlu sözlərinə belə davam edib: “Əgər biz istəyirdiksə ailə münasibətlərindəki problemləri qaydasına salaq, bunun üçün bəzi işlər görməliyik. Təəssüf ki mən bu barədə 20 ildir danışıram. Amma bu ölkədə deyəsən heç bunu eşitmək istəyən yoxdur. Yəni elə bilirlər ki, elə hər şey belə öz-özünə həll ola bilər. Bu problemlər yaranıbsa, problemin həllinin konkret yolları var. Əvvəla bu problemi öyrənmək lazımdır.

Gənc ailələr və ailə üzvləri arasında sorğu keçirmək lazımdır. O problemlər niyə və hansı səbəbdən yaranır? Bunu öyrənmək lazımdır. Boşananlar arasında bir sorğu keçirmək lazımdır ki, onlar niyə boşanır. Gənc ailələrin valideynləri arasında bir təkcə anket sorğusu yox, sosioloji araşdırma aparılmalıdır. Bu ölkədə təəssüf ki sosioloji araşdırma deyəndə çoxu anket sorğusunu nəzərdə tutur. Bu sosioloji araşdırma çoxtərəfli bir tədqiqatdır. Sadəcə anket sorğusu deyil. Yəni dediyim bu araşdırmalar gənc, problemli ailələr arasında, boşananlar, onların valideynləri və bir də boşanmaya baxan məhkəmə işçiləri arasında bu araşdırmaları aparmaq lazımdır. Ondan sonra həqiqi mütəxəssislər tərəfindən təhlil olunmalıdır. Bu təhlil olanda üzə çıxacaq ki, problemlər nədir. Onun əsasında elmi əsaslarla fəaliyyət proqramı hazırlanmalıdır. Onda məlum olacaq ki, hüquqi bazada hansı dəyişikliklər etmək və maarifləndirməni nə cür həyata keçirmək lazımdır. Maarifləndirmə də elmi əsasla olmalıdır. Sonra bilinəcək hansı sosial müdafiə məsələləri, orta məktəblərdə hansı işləri görmək lazımdır və s. Bunların hamısını aydınlaşdırmadan bu problemi həll etmək olmaz. Bu çox ağır, çox dəhşətli problemdir.

Ailə dağılanda təkcə ər-arvad bir-birindən fiziki olaraq boşanmır, mənəvi psixoloji sarsıntılar baş verir, onlar arasında, uşaqlar arasında bu mənəvi psixoloji sarsıntılar cəmiyyətə ötürülür, cəmiyyət xarakterini dəyişir, demoqrafik proseslərə təsir edir. Bu çox böyük bir məsələdir. Heyf ki, Azərbaycanda bu məsələləri başa düşmək istəyən yoxdur”.

Ayşən Vəli