İndoneziyada qızıl mədənində torpaq sürüşməsi olub - 15 nəfər ölüb

27 Sentyabr 2024 14:32 (UTC+04:00)

İndoneziyanın Qərbi Sumatra əyalətində qanunsuz olaraq fəaliyyət göstərən qızıl mədənində baş verən torpaq sürüşməsi nəticəsində 15 nəfər həyatını itirib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, yerli hakimiyyət orqanları Qərbi Sumatrada torpaq sürüşməsi nəticəsində 15 nəfərin öldüyünü, bir çoxunun isə hələ də yerin altında qaldığını bildirib.

Qərbi Sumatra Əyalətinin Fəlakətlə Mübarizə Bölməsinin rəhbəri İrvan Əffendoi verdiyi açıqlamada, əyalətin Solok bölgəsində qanunsuz olaraq fəaliyyət göstərən mədəndə qızıl çıxarmağa çalışan yerlilərin torpaq və palçıq qalıqları altında qaldığı söylənilib. Əffendoi 3 nəfərin xilas edildiyini və yerin altında təxminən 25 nəfərin qaldığını düşündüklərini bildirib.