Yeddinci çağırış Milli Məclis islahatlara yeni təkan verəcək

27 Sentyabr 2024 12:17 (UTC+04:00)

Bədəl Bədəlov

Milli Məclisin deputatı

Ölkəmizdə aparılan islahatların davamı olaraq 2024-cü il sentyabrın 1-də keçirilən növbədənkənar seçkilər nəticəsində yeddinci çağırış Azərbaycan Respublikasının Milli Məclisi formalaşdırılıb. Azərbaycan vətəndaşları yeni parlamentin uğurla fəaliyyət göstərəcəyinə, ölkəmizdə aparılan genişmiqyaslı və çoxşaxəli islahatlara, onların dərinləşməsi işinə öz töhfəsini verəcəyinə inanır. Qanunlar qəbul olunarkən iqtisadi inkişafın dərinləşdirilməsi, milli dəyərlərin qorunması, ölkəmizin təhlükəsizliyi, müdafiə qabiliyyətinin artırılması, sosial siyasət və digər məsələlər nəzərə alınacaq. Yeni qəbul ediləcək qanunların əsas mahiyyəti islahatları daha da dərinləşdirməkdir.

Sentyabrın 23-də Prezident İlham Əliyev VII çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında çıxışı zamanı yeni parlamentin fəaliyyətə başlaması münasibətilə deputatları təbrik edib. Dövlətimizin başçısı cari il ərzində prezident və parlament seçkilərinin ölkəmizin bütün ərazilərində keçirildiyini vurğulayıb, həmçinin Azərbaycanın müdafiə və təhlükəsizlik qabiliyyətinin artırılmasından, azad edilmiş torpaqlarımızda aparılan genişmiqyaslı quruculuq işlərindən, bəzi Qərb dairələri tərəfindən bizə qarşı yönələn əsassız ittihamlardan, Ermənistanla aparılan sülh danışıqlarından və digər məsələlərdən bəhs edib.

Prezident bildirib ki, bir nömrəli vəzifə hərbi gücümüzün artırılmasıdır. Dövlət başçısı, bu kontekstdə diqqətə çatdırıb ki, İkinci Qarabağ müharibəsi və antiterror tədbirlərinin arxada qalmasına baxmayaraq, həm dünyada gedən proseslər, yeni münaqişə, müharibə ocaqlarının yaradılması və ətrafımızda gərginliyin artması, eyni zamanda, Ermənistanda revanşizm meyilləri bizi bu sahəyə daim diqqət göstərməyə vadar edir. Cənab İlham Əliyevin yeni regional və qlobal konyukturanın təhlükələrlə zəngin olması barədə açıqlamalarının təhlili göstərir ki, Qafqazın ən güclü ordusu olan Azərbaycan Silahlı Qüvvələrinin yaxın gələcəkdə daha da güclənməsi istiqamətində yeni tədbirlər görülür.

Əldə etdiyimiz ən böyük uğurlardan birinin siyasi sabitlik olduğunu bildirən dövlət başçısı Azərbaycanda mövcud olan təhlükəsizlik və əmin-amanlığın uzun illərdir yüksək səviyyədə təmin edildiyini vurğulayıb, bu mənada ölkəmizi bütün dünyaya nümunə kimi göstərib. Bu gün sabitliyi pozulan ölkələrin vəziyyətini və aqibətini hər kəs yaxşı görür. Bu, təhlükəsizliyin, inkişafın, xarici sərmayənin cəlb edilməsi üçün başlıca şərtdir.

Digər bir məsələ isə sosial-iqtisadi inkişaf strategiyasıdır. Məhz bu strategiyaya uyğun olaraq cənab İlham Əliyev qeyd edib ki, cari il ərzində səkkiz ayda iqtisadiyyat dörd faizdən çox artıb, qeyri-neft sektorunda yeddi faiz olub. Xarici borcumuz ümumi daxili məhsula nisbətdə cəmi 7,5 faiz təşkil edir. Demək olar ki, bütün əsas kreditlər qaytarılıb.

Prezidentin çıxışında daha bir vacib məqam isə 2018-ci ildən bu yana Azərbaycanda dörd sosial islahatlar paketinin həyata keçirilməsidir. Bu sosial islahatlar paketinin məbləği 7 milyard manatdır və 4 milyon insanı əhatə edir. Son beş il ərzində Azərbaycanda minimum əməkhaqqı 2,7 dəfə, minimum pensiya 2,5 dəfə artıb. Gələn ildən minimum əməkhaqqı və minimum pensiya yenə də artırılacaqdır.

Əhali üçün əlverişli sosial mühitin yaradılması, ölkə miqyasında iqtisadi inkişafın sürətlənməsi, yeni iş yerlərinin açılması vətəndaşlarımızın davamlı gəlirləri üçün əsas təşkil edir. Bu, dövlətin sosial siyasətinin birbaşa məqsədləridir. Prezident İlham Əliyevin vurğuladığı kimi, layiqli sosial siyasət qarşıdakı illərdə də Azərbaycan hökumətinin fəaliyyətinin prioriteti olaraq qalacaq.

Çıxışında Qarabağın və Şərqi Zəngəzurun bərpası məsələsini bir daha önəmli vəzifə kimi diqqətə çatdıran dövlətimizin başçısı postmüharibə dövründə bu ilin sonuna qədər sözügedən ərazilərdə xərclənməyə nəzərdə tutulan vəsaitin 19 milyard manat olduğunu qeyd edib. Vəsaitin mütləq əksəriyyəti infrastruktur layihələrinə xərclənib. Eyni zamanda, keçmiş köçkünlərin qaytarılması üçün də işlər görülür, səkkiz mindən çox keçmiş köçkün artıq Qarabağa və Şərqi Zəngəzura yerləşib və hər ay onların sayı artacaqdır.

İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışın təmin edilməsi üçün şəhər və kəndlərin yenidən qurulması və bərpası, həmin ərazilərdə müasir infrastrukturların yaradılması mühüm əhəmiyyət daşıyır. Fabrik və zavodların bərpası isə onu göstərir ki, burada işlər yüksək səviyyədə davam etdirilməkdədir. Çünki azad edilmiş ərazilərə köçürülən əhalinin işlə təminatı, sosial durumu da diqqət mərkəzindədir.

Dövlət başçısı, həmçinin bildirib ki, Azərbaycana qarşı ikili standartlar əsasında qurulmuş ittihamlar davam edir, ancaq bu, nə bizim iradəmizə, nə xalqımızın iradəsinə heç cür təsir edə bilməz.

Avropa İttifaqı, Avropa Şurası və bir sıra Qərbin strukturları tərəfindən son vaxtlar ölkəmizə qarşı qarayaxma kampaniyası geniş vüsət alıb. Biz Qərbin “erməni məsələsi” adı altında Azərbaycana ciddi şəkildə təzyiqlər etməsini görməkdəyik. Azərbaycan bayrağının azad edilmiş bütün ərazilərimizdə dalğalanması görünən odur ki, Qərbdəki müəyyən dairələri ciddi şəkildə narahat edib və onlar çox sistemli şəkildə ölkəmizə qarşı hazırda ləkələmə kampaniyası aparırlar. Qərbin bəzi resursları müntəzəm olaraq dövlətimizin əleyhinə məlumatlar yayır. Bütün bunlar əlbəttə ki, informasiya zəminində bizim adımızı, statusumuzu ləkələyəməyə yönəlik bir niyyətlərdir. Əsas məğz ondan ibarətdir ki, bununla da Ermənistanın gələcəkdə Azərbaycana qarşı təxribatları fonunda ölkəmizi günahlandıracaq bir zəmin hazırlasınlar. Beləliklə də həm siyasi, həm intellektual, həm də ekspert qruplarını aldadaraq Avropada ələlxüsus, Qərbdə anti-Azərbaycan fonu yaratmaq istəyirlər. Təbii ki, anti-Azərbaycan qüvvələrin bütün bu fəaliyyətləri iflasa məhkumdur.

Beləliklə, Prezident İlham Əliyevin yeni parlamentin ilk iclasında proqram xarakterli nitqi, vurğuladığı çox vacib məqamlar qanunverici orqanın qarşısına yeni vəzifələr qoyur. Əminliklə deyə bilərik ki, yeddinci çağırış Milli Məclisin fəaliyyətə başlaması ölkəmizdə siyasi sistemin təkmilləşdirilməsinin tərkib hissəsi olmaqla yanaşı, həm də aparılan çoxsaylı islahatlara yeni təkan verəcək. yap.org.az