Azərbaycanlılar qürurla öz ata-baba yurdlarına qayıdırlar - “Haber Global” telekanalı

27 Sentyabr 2024 12:07 (UTC+04:00)

Türkiyənin “Haber Global” telekanalı 44 günlük Vətən müharibəsində tarixi Qələbənin dördüncü ildönümündə Azərbaycanın ərazi bütövlüyünün bərpasının bütün mərhələləri barədə geniş auditoriyaya məlumat verib. SİA xəbər verir ki, telekanal “İkinci Qarabağ müharibəsinin dördüncü ildönümü: Qələbəyə gedən yol” adlı reportajında Prezident, Ali Baş Komandan İlham Əliyevin işğalçıların Azərbaycan ərazisindən tamamilə qovulması uğrunda mübarizənin başlanması ilə əlamətdar olan 27 sentyabr 2020-ci il tarixli Bəyanatına istinad edib.

Telekanal qeyd edir ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın yaşayış məntəqələrini davamlı atəşə tutması azərbaycanlıların səbrini daşıran son damla olub. Reportajda vurğulanıb: “Ermənistan tərəfinin təxribatlarına və atəşkəs rejiminin davamlı olaraq pozulmasına, o cümlədən ağır silahlardan istifadə etməsinə cavab olaraq, Prezident İlham Əliyev bütün cəbhə xətti boyunca hücuma keçmək əmrini verib. Azərbaycan Ordusu və xalqı dövlət başçısının “Dəmir yumruğu” ətrafında birləşdi. Hərbçilər Vətən uğrunda canlarından keçməyə, analar isə oğullarını şəhid verməyə hazır idilər. Hər kəs anladı ki, Qarabağın azad edilməsi şərəf və Vətənin müdafiəsi məsələsidir”.

Telekanal 44 günlük müharibədə Azərbaycan Silahlı Qüvvələrinin rəşadətli Qələbəsinin mərhələlərini sadalayıb, hərbi əməliyyatlar başlayandan qısa müddət sonra Cəbrayıl şəhərinin, daha sonra Şuşa yolunda yerləşən Hadrut kəndinin azad edildiyini diqqətə çatdırıb: “Oktyabrın 17-də Azərbaycan hərbçiləri Füzuli şəhərini, oktyabrın 20-də Zəngilanı tam nəzarətə götürdülər, beş gün sonra isə Qubadlını işğalçılardan təmizlədilər. Sırada Qarabağın incisi - Şuşa şəhəri vardı. Azərbaycanın mədəniyyət paytaxtının azad edilməsini noyabrın 8-də Prezident İlham Əliyev dünyaya bəyan edib: “Şuşa. Sən azadsan!”.

Türkiyə telekanalı vurğulayıb ki, 44 günlük müharibə nəticəsində Azərbaycan Ermənistanı məğlubiyyətini etiraf etməyə məcbur edib: “Azərbaycan Ordusu xalqın öz tarixi torpaqlarına çoxdankı həsrətinə son qoydu, 5 şəhər, 4 qəsəbə, 300-ə yaxın kənd işğaldan azad olundu. Eyni zamanda, Ağdam, Kəlbəcər, Laçın şəhərləri bir güllə də atılmadan, Azərbaycan oğulları həlak olmadan geri qaytarıldı”.

“Haber Qlobal” qeyd edib ki, Azərbaycan torpaqlarının Ermənistanın işğalından azad edilməsi uğrunda gedən döyüşlərdə 2908 Azərbaycan hərbçisi şəhid olub.

Reportajda vurğulanıb: “44 günlük müharibədə Azərbaycan xalqı tək deyildi. İlk gündən Qələbə gününə qədər Türkiyə qardaş ölkəyə dəstəyini bəyan etməyə davam etdi”. Daha sonra diqqətə çatdırılıb ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın əksinə olaraq, erməni tərəfi təxribatçı siyasətindən və cəhdlərindən əl çəkmir, regionda sülhü ləngidirdi. Məhz buna görə də Azərbaycan Silahlı Qüvvələri 2023-cü il sentyabrın 19-da lokal xarakterli antiterror əməliyyatı keçirərək Qarabağda separatizmə son qoydu. Daha bir Qələbənin qazanılmasında Azərbaycan 204 şəhid verdi.

Telekanal qeyd edib: “Bakının sülh planının əksinə olaraq, İrəvan hələ də revanşizm niyyətindən əl çəkmir. Qərb ölkələri, xüsusən də Fransa Ermənistanı silahlandırır”.

“Haber Global”, həmçinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasına, “ağıllı şəhərlər” konsepsiyası əsasında yolların, hava limanları və qəsəbələrin tikintisi səylərinə diqqət çəkib. Reportajda vurğulanır ki, Azərbaycanlılar qürurla öz ata-baba yurdlarına qayıdırlar.