"Özlərini sənətçi adlandıran adamlar cəmiyyətə pis nümunə olurlar" - EKSPERT TƏNQİD ETDİ

27 Sentyabr 2024 11:56 (UTC+04:00)

"Müğənnilər arasında olan qalmaqalın sosial şəbəkələrin Azərbaycan seqmentində əsas müzakirə mövzusuna çevrilməsi, hətta mətbuatın bu mövzuya geniş yer ayırması məni məyus edir. Bu fakt bir daha göstərir ki, Azərbaycan cəmiyyətinin gündəmini, adətən, sarı xəbərlər, mənasız və məzmunsuz hadisələr təşkil edir. Yüz minlərlə, bəlkə də milyonlarla insanın bu mövzuda danışması, yazması, özünə ciddi görkəm verib, rəy bildirməsi kədərli haldır". Bu sözləri SİA-ya açıqlamasında Jurnalist Araşdırmaları Mərkəzinin sədri, Yenisabah.az saytının baş redaktoru Seymur Verdizadə deyib.

Seymur Verdizadə sözlərinə belə davam edib: "Azərbaycan cəmiyyəti bir qrup şou-biznes adamının əlində əsir-yesir qalıb. Özlərini sənətçi adlandıran adamlar cəmiyyətə pis nümunə olurlar. Bu “qırğınların” Azərbaycan xalqına zərrə qədər aidiyyəti yoxdur. Amma bu cür mənasız hadisələr xalqın gündəmini zəbt edir. Təəssüf ki, Azərbaycanda sayı 100 minlərlə ölçülən insan qrupu vaxtını və enerjisini bu cür anlamsız məşğuliyyətlərə sərf edir.

Etiraf etməliyik ki, bu gün Azərbaycan mədəniyyətində geriləmə, hətta tənəzzül müşahidə olunur. Özlərini mədəniyyət və incəsənət xadimi adlandıranların böyük əksəriyyəti Azərbaycan xalqının mədəni zövqünün inkişafına heç bir töhfə vermir. Əksinə, insanların mədəni zövqünü korlayırlar. Düşünürəm ki, özünə hörmət edən TV-lər bu cür lazımsız qalmaqallarla gündəm yaratmaq vərdişlərindən əl çəkməlidirlər".

Ayşən Vəli