Davamlı uğurlar mərhələsi

27 Sentyabr 2024 11:41 (UTC+04:00)

Samir Qocayev

YAP Goranboy rayon təşkilatının sədri

Prezident İlham Əliyevin sentyabrın 23-də yeddinci çağırış Milli Məclisin ilk iclasındakı çıxışı Azərbaycanın bugünkü uğurları və yeni hədəfləri fonunda gələcək inkişafı barədə aydın təsəvvür yaratdı. Azərbaycan tarixi zəfərlərlə ərazi bütövlüyünü və suverenliyini tam təmin etdikdən sonra bütün sahələrdə davamlı uğurlara imza atdığı əsaslı şəkildə diqqətə çatdırıldı.

Tarixi zəfərlərimiz Azərbaycanın bütün sahələrdə qazandığı uğurların təqdimatı oldu. Dörd il əvvəl Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin əmri və çağırışı ilə öz gücünü, iradəsini, nəyə qadir olduğunu 30 ilin işğalına son qoymaqla nümayiş etdirdi. Azərbaycan tarixinin Zəfər səhifəsi yazıldı. 30 il dünyanın ikili standartlara əsaslanan siyasəti ilə üz-üzə qalsaq da, haqq-ədalətin sonda Zəfər çalacağını bilirdik. Azərbaycanın ədalətə və beynəlxalq hüquqa söykənən siyasəti nəticəsində artıq tarixə qovuşan Qarabağ probleminin həlli üçün möhkəm hüquqi baza yaradılmışdır. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində Qarabağın Azərbaycan ərazisi olduğu, erməni silahlı birləşmələrinin bu əraziləri qeyd-şərtsiz tərk etmələrinin vacibliyi öz əksini tapmışdır.

30 illik işğal dövründə bəzi dünya güclərinin Ermənistana verdikləri dəstək nəticəsində işğalçı dövlət BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymadı, beynəlxalq hüquqa hörmətsizlik etdi. Azərbaycan 30 il dünyadan ədalət gözlədi. Ermənistan ona göstərilən diqqətdən daha da ruhlanaraq yeni ərazilər uğrunda müharibə planı hazırladı, 2020-ci il sentyabrın 27-də Azərbaycan ərazilərini müxtəlif istiqamətlərdən raket atəşinə tutmaqla bu istəyini aydın şəkildə nümayiş etdirdi. Azərbaycan dövlətinin, xalqının səbir kasası dolmuşdu. Müzəffər Ali Baş Komandanın əmri ilə başlayan əks-hücum əməliyyatları dünyaya səs salan Zəfərimizlə başa çatdı. Dövlət başçısı İlham Əliyev daim bu reallığı diqqətə çatdırır ki, əgər Ermənistan və onun rəhbərliyi, onun arxasında dayanan qüvvələr beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə əməl etsəydilər, heç olmasa, işğalçılıq siyasətini pisləsəydilər, bəlkə də müharibəyə ehtiyac qalmazdı.

Postmüharibə dövründə də eyni vəziyyət yaşandı. Ermənistan 10 noyabr 2020-ci il tarixli Bəyanatdan irəli gələn öhdəliklərini yerinə yetirmədi, silahlı birləşmələrini ərazilərimizdən çıxarmadı, əksinə hərbi təxribatlar törətməkdə davam etdi, dünya yenə də susdu. Bütün bunların nəticəsində Azərbaycan Ordusu 2023-cü il sentyabrın 19-20-də lokal antiterror tədbirləri həyata keçirdi və suverenliyimiz tam bərpa edildi.

Cənab İlham Əliyevin fikirləri postmüharibə dövrünün reallıqlarını özündə ehtiva etdi, həmçinin Ermənistana və ona havadarlıq edən dövlətlərə ciddi mesaj oldu. Azərbaycanın hücum diplomatiyasını uğurla davam etdirməsi ölkəmizə qarşı aparılan qərəzli təbliğata tutarlı cavabdır. Hər zaman qeyd etdiyimiz kimi, real faktlara və tarixi həqiqətlərə söykənən təbliğat uzunömürlü və inandırıcı ola bilər.

Dövlət suverenliyinin təmin edilməsindən cəmi bir il ötür. Cənab İlham Əliyev belə bir çağırışı da səsləndirdi ki, arxayınlaşmaq üçün heç bir əsas yoxdur. Biz bu şanlı tarixi qəlbimizdə əbədi yaşadacağıq. Azərbaycan xalqı, bütün gələcək nəsillər bu şanlı Qələbə ilə haqlı olaraq fəxr edəcəklər. Ancaq ölkə qarşısında duran vəzifələr icra edilməlidir ki, biz daim inkişafda olaq, öz gücümüzü artıraq və Azərbaycan xalqının bundan sonra da təhlükəsiz həyatını təmin edək.

Bu gün işğaldan azad edilmiş bütün torpaqlarımızda Azərbaycan Bayrağının dalğalanması böyük qürurdur, xoşbəxtlikdir. Bu torpaqlarda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, soydaşlarımız mərhələ-mərhələ doğma yurd-yuvalarına qayıtdıqları üçün sevinclidirlər. Onların rahat yaşayışı üçün bütün zəruri imkanlar yaradılıb və yaradılır. Dövlətimizin başçısı İlham Əliyev bildirdi ki, əgər İkinci Qarabağ müharibəsindən sonra görülmüş işləri sadalamağa başlasam, onda gərək bir neçə saat çıxış edim. Prezident bəzi rəqəmləri diqqətə çatdırmaqla bərpa-quruculuq işlərinin miqyası barədə aydın təsəvvür yaratdı. Müharibədən sonra bu ilin sonuna qədər xərclənməyə nəzərdə tutulan vəsait 19 milyard manatdır. Vəsaitin mütləq əksəriyyəti infrastruktur layihələrinə xərclənib. Eyni zamanda, keçmiş köçkünlərin qaytarılması üçün də işlər görülür və səkkiz mindən çox keçmiş köçkün artıq Qarabağa və Şərqi Zəngəzura yerləşib və hər ay, hər il onların sayı artacaq.

İnfrastruktur layihələri çox geniş miqyas alıb. 3 min kilometr avtomobil yolu inşa edilib. Ümumi layihələrin içində 45 tunel nəzərdə tutulur və bu tunellərin uzunluğu 70 kilometrdir. 450 körpünün inşası nəzərdə tutulur. Dəmir yolları, iki beynəlxalq hava limanı istifadəyə verilib. Enerji potensialı gücləndirilir və üç il ərzində 270 meqavat gücündə su elektrik stansiyaları istismara verildi və bu proses davam etdirilir. Məktəblər, xəstəxanalar, sosial obyektlər, kəndlər salınır. Bir sözlə, Qarabağın və Şərqi Zəngəzurun dirçəldilməsi üçün genişmiqyaslı işlər aparılır.

Dövlət başçısı bildirib ki, mədəni, tarixi irsimizin qorunması üçün praktiki işlər görülür, tarixi abidələr bərpa edilir. Ermənilər tərəfindən dağılmış yeddi məscid yenidən quruldu. Səkkiz məscidin inşası davam edir. Zəfər muzeyləri, işğal muzeyləri, zəfər parkları, yəni bu coğrafiyada belə genişmiqyaslı işləri aparmaq doğrudan da xalqımızın böyük imkanlarını göstərir. Bu çağırış da edildi ki, gələcək illərdə işlər daha sürətlə gedəcək.