"Ən optimal çıxış yolu məsələnin danışıqlar yolu ilə həll olunmasıdır" - MÜNASİBƏT BİLDİRİLDİ

27 Sentyabr 2024 11:37 (UTC+04:00)

"Öz mənzilini, yaxud da, hər hansı daşınmaz əşyasını banka girov qoyaraq bankdan pul vəsaiti götürmüş və götürdüyü krediti ödəməyən şəxs bilməlidir ki, əvvəl-axır bank onu məhkəməyə verəcək". Bu sözləri SİA-ya açıqlamasında vəkil Anar Qasımlı deyib.

O bildirib ki, məhkəməyə verdikdə yekun etibarilə həmin əmlak onun əlindən çıxa bilər: "Bank məhkəmədə kredit məbləğinin tutulması barədə iddia qaldırdıqda və həmin əmlaka yönəlməsi, əmlakın hərracla satılıb pulun ödənilməsi barədə iddia qaldırır. Banklar adətən bunu bir qədər gec edirlər. Çünki burada məqsəd var. Kreditin məbləği şişsin, faizlər artsın, eyni zamanda təcrübədə ən böyük problemlərdən biri ondan ibarətdir ki, bir neçə dəfə hərraclar baş tutmur, banklar bu əmlakları su dəyərinə, dəyərindən qat-qat aşağı qiymətə alırlar. Ona görə vaxtında krediti ödəmək lazımdır. Əks halda bu cür problemlə üzləşə bilərlər.

Təcrübə göstərir ki, bəzi adamlar məhkəməyə müraciət etmək hüququndan sui-istifadə edərək bankalara qarşı müxtəlif iddialar qaldırırlar, yaxud da, bankın verdiyi iddia üzrə müxtəlif prosessual imkanlardan istifadə etməklə yekun məhkəmə aktının çıxarılmasını, onun icraya yönəldilməsini ləngidirlər. Bir yandan anlamırlar ki, təkcə kreditin ödənilməsini ləngitmirlər, eyni zamanda özlərinə əlavə faizlərin hesablanmasına səbəb olurlar. Ona görə bank mübahisələri olduqda, kreditin mübahisələri olduqda ən optimal çıxış yolu məsələnin sülh, danışıqlar yolu ilə həll olunmasıdır. Bunun üçün məhkəmədən kənar bankla razılığa gəlib müəyyən qərarlar qəbul olunmasına nail olmaq olar".