"Dinamik inkişaf edən müasir dünyada mədəni istirahət həyatımızın ayrılmaz tərkib hissəsi hesab olunur. Mədəni istirahət - ruhun və bədənin istirahəti, fiziki qüvvələrin bərpası, aktiv və monoton iş günlərindən sonra rahatlama ilə müşaiyət olunan fəaliyyətdir". Bu sözləri SİA-ya açıqlamasında ATMU-nun Turizm biznesi kafedrasının baş müəllimi Samirə Əzizova deyib.
O bildirib ki, mədəni istirahət bir növ insanlara dünyagörüşünü genişləndirməyə, incəsənət aləminə baş vurmağa və mədəni təzahürlərin müxtəlifliyindən zövq almağa təkan verir: "Bu fəaliyyət gündəlik rutindən istirahət etmək, maddi və mənəvi dəyərlərdən zövq almaq imkanı verir.
Müasir dövrdə mədəni istirahət üçün bir çox təkliflər mövcuddur. Bu məqsədlə muzey, qalereyaları ziyarət etmək, teatr və operadan zövq almaq, musiqili konsert və festivallara baş vurmaq mümkündür. Bundan əlavə ədəbi axşamlar, kitab yarmarkaları, film festivalları və s. də asudə vaxtı keçirmək üçün əlverişli hesab oluna bilər.
Mədəni istirahət həyatımızda mühüm rol oynayır, belə ki o, bizə estetik və mənəvi zövq verməklə yanaşı, özümüzü inkişaf etdirmək, daha yaradıcı olmaq və düşüncə qabiliyyətimizi inkişaf etdirmək üçün şərait yaradır.
Azərbaycan Respublikasında turizm təcrübələrinin inkişaf etdirilməsi və müxtəlif turizm məhsullarının hazırlanması prosesi çərçivəsində mədəni turizm sahəsi turizm sektorunda, sözsüz ki, ən vacib və ən potensial istiqamətdir. Mədəni turizm məhsullarının hazırlanmasında istifadə edilən ən əhəmiyyətli turizm resursu ölkəmizin milli-mədəni irs nümunələridir. Məhz buna görə Azərbaycan ərazisində müxtəlif tarixi dövrlərə aid siyasi təşəkküllərin (dövlət və imperiyaların), müxtəlif dini qruplar və konfessiyaların, müxtəlif tarixi proseslərlə əlaqədar Azərbaycan ərazisində mövcud olmuş, müvəqqəti yaşamış, müxtəlif köç proseslərinə məruz qalmış xalqların tarix və mədəniyyətinə aid müxtəlif maddi və qeyri-maddi irs nümunələrinin qorunması, inkişafı və dövlət mühafizəsinə götürülməsi mədəni turizmin inkişafına müsbət mənada təsir göstərir. Turizm sənayesinin bünövrəsini təşkil edən və onu formalaşdıran qərar və təkliflər, strateji sənəd və proqramların hazırlanması mədəni irsin qorunması və məqsədyönlü istifadəsini güdən dövlət siyasəti ilə birmənalı olaraq əlaqəli şəkildə həyata keçirilir".
"Hazırki dövrdə mədəni turizmin həyata keçirilməsi üçün ən yaxşı üsul mədəni turizm marşrutlarına üz tutmaqdır. Mədəni turizm marşrutları məzmunca bir-biri ilə oxşar xüsusiyyətləri olan mədəni irs obyektlərinin və qeyri-maddi mədəni irsə əsaslanan təcrübələrin müəyyən bir trayektoriya üzrə məntiqi ardıcıllıqla turistlərin ziyarətinə təqdim edilməsidir. Mədəni turizm marşrutunun həmişə bir mövzusu (tematika), bu mövzunun bir çətir kimi altında toplanmış oxşar məzmunlu turizm nümayiş obyektlərinin ziyarət qrafikası olur. Mədəni turizm marşrutu üzrə qonaqlama, iaşə, nəqliyyat, yol üzərində sanitar qovşaqlar, parklanma və s. xidmətlərin hamısı nəzərə alınmalıdır. Azərbaycanda son illərdə bir sıra mədəni turizm marşrutları hazırlanmışdır. Onlar arasında “Yəhudi irsi turizm marşrutu”, “Şərab yolu turizm marşrutu”, “Polyak irsi turizm marşrutu”, “İpək yolu turizm marşrutu”nu vurğulamaq olar. Bu mənada onu xatırlatmaq lazımdır ki, bəzən eyni məzmunlu turizm marşrutları eyni zamanda bir sıra ölkələrdə tətbiq edilir.
Azərbaycanda eyni zamanda 2023-cü ildə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş “Xınalıq və Köç yolu mədəni landşaftı” “ mövcuddur.
Mədəni turizm Azərbaycan üçün hazırda ən perspektiv və prioritet turizm istiqamətlərindən biri hesab olunur. Zəngin mədəni irs resursları olan Azərbaycanda mədəni turizmin inkişaf strategiyaları bölgələrdə yerli əhalinin məşğulluq problemlərinin həlli istiqamətində önəmli bir iqtisadi alət ola bilər. Bundan başqa, Azərbaycan kimi dünya turizm bazarında, xüsusən mədəni turizm destiyasiyaları arasında yeni olan ölkədə mədəni turizm həm də beynəlxalq aləmdə ölkənin imicinin formalaşdırılmasına töhfə verən önəmli bir alət kimi istifadə oluna bilər" - deyə o, əlavə edib.