“Ulu Öndər yenilməz iradəsi ilə Azərbaycanın gücünü göstərdi” - DEPUTAT DANIŞDI

27 Sentyabr 2024 09:27 (UTC+04:00)

“Müasir Azərbaycan tarixinin ən önəmli hadisələrindən biri 1993-cü il oktybarın 3-də Ümummilli Lider Heydər Əliyevin ölkə Prezidenti seçilməsidir. Üç oktyabr hadisəsindən danışarkən iki vacib suala cavab vermək gərəkdir. Birincisi hansı hadisələr 3 oktyabra gətirdi? İkincisi isə 3 oktyabrdan sonra Azərbaycan xalqı və dövlətinin həyatında hansı dəyişikliklər oldu? Üç oktyabrın Azərbaycan tarixində oynadığı müstəsna rolu anlamaq üçün 1991-ci ildən 1993-cü ilin iyun ayına qədər ölkədəki şəraiti təhlil etmək lazımdır”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin sədr müavini Musa Qasımlı deyib.

O bildirib ki, Azərbaycanın dövlət müstəqilliyi bərpa edilsə də, xalqın və millətin qarşısında dayanan vəzifələri biri-birini əvəz edən hakimiyyət yerinə yetirə bilmədi: “Nəticədə 1993-cü ilin yayında ölkə ümumi böhrana düşdü, millətdə sabaha inam qalmadı. Belə bir şəraitdə Azərbaycan xalqı Heydər Əliyevə Naxçıvandan Bakıya dəvət etdi, iyunun 15-də Milli Məclisin sədri seçilməklə əslində ölkədəki bütün problemlərin həllinin ağırlığını öz çiyinlərinə götürdü. Bu zaman Azərbaycan daxilində xaricdən dəstəklənən separatçılıq var idi, hakimiyyətin qanadları arasında uçurum hökm sürürdü. Belə bir şəraitdə Ermənistan Azərbaycan torpaqlarının işğalını davam etdirirdi.
Ulu Öndər Heydər Əliyevin sözügedən bütün problemləri həll etməsi Azərbaycanı yeni bir mərhələyə çıxartdı. Oktyabrın 3-də keçirilən Prezident seçkilərində seçicilər böyük sevgi ilə gələcəyə ümidlə Ümummilli Liderə səs verdilər.

Oktyabrın 3-dən sonra görülən işlərə diqqət yetirilsə, onlar əhəmiyyətinə görə misilsizdir. Hər şeydən öncə uğurlu daxili siyasət həyata keçirilməyə başlandı, düşmənə Horadiz əməliyyatı ilə ilk zərbə vuruldu, daha sonra atəşkəsə gedildi, “Əsrin Müqaviləsi” imzalandı, ölkənin inkişafının açarı tapıldı, gələcəkdə torpaqları azad etmək üçün güclü ordunun yaradılmasına başlanıldı. Bütün bunların hər biri Ulu Öndər Heydər Əliyevin zəkası və fəaliyyəti nəticəsində mümkün oldu.
İlk dəfə olaraq müstəqil Azərbaycan Respublikasının Konstitusiyası qəbul edildi, I çağırış Milli Məclisə seçkilər keçirildi, ölkədə geniş islahatlara başlanıldı. Bütün görülən işlərdə başlıca məqsəd Ermənistanın təcavüzünə son qoymaq idi. Burada heç şübhəsiz Ulu Öndər Heydər Əliyevin liderlik keyfiyyəti özünü göstərdi. Ümummilli Lider uğurlu daxili və xarici siyasət yürütdü, qəti şəkildə göstərdi ki, Azərbaycanın müstəqilliyi əbədi, dönməz və sarsılmazdır. Heydər Əliyev müsəlman şərqində ilk dəfə olaraq ölüm hökmünü ləğv etdi, Azərbaycanın beynəlxalq nüfuzunu gücləndirdi. Bütün bunların heç biri asan başa gəlməyib.

1993-cü ildə hakimiyyətə gəldikdən sonra düşmən qüvvələr sui-qəsdlər, dövlət çevrilişi və qiyam cəhdləri etdilər. Onlar hər birinin qarşısında mətanətlə dayanan, məğlub edən Ulu Öndər Heydər Əliyev oldu. Ümummilli Lider yenilməz iradəsi ilə qəti şəkildə göstərdi ki, Azərbaycanda güclü dövlət var, hakimiyyətə gəlməyin yolu yalnız seçkilərdir.

Heydər Əliyevin ən böyük xidmətlərindən biri bütün Azərbaycan vətəndaşlarını tək bayraq, tək dövlət, tək Vətən, tək millətdə birləşdirən Azərbaycançılıq ideyası oldu. Buna görə də 3 oktyabr tarixi Azərbaycan həyatının ən mühüm hadisələrindən biridir”.