Azərbaycan və Monteneqro arasında ikitərəfli və regional məsələlərə dair fikir mübadiləsi aparılıb

27 Sentyabr 2024 04:21 (UTC+04:00)

Sentyabrın 26-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Monteneqronun baş nazirinin müavini, xarici işlər naziri Ervin İbrahimoviç ilə görüşüb. Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən SİA-ya bildiriblər ki, görüş zamanı tərəflər iki ölkə arasında mövcud siyasi, iqtisadi, enerji və humanitar sahələr üzrə əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Yüksək səviyyəli qarşılıqlı səfərlərin və xarici işlər nazirlərinin müavinləri səviyyəsində müntəzəm siyasi məsləhətləşmələrin keçirilməsinin Azərbaycan və Monteneqro arasında daimi siyasi dialoqun inkişafı və davam etdirilməsi üçün əhəmiyyətli rol oynadığı vurğulanıb.

Nazir Ceyhun Bayramov BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrlik fəaliyyətimiz barədə qarşı tərəfi məlumatlandırıb və bu çərçivədə Azərbaycanın müvafiq ekoloji fəaliyyətlərdə Monteneqro ilə davamlı əməkdaşlığa hazır olduğunu bildirib.

Postmünaqişə dövründə ölkəmizin bərpa, yenidənqurma və sülh səylərindən ətraflı bəhs olunub, Azərbaycanın dayanıqlı sülh və təhlükəsizliyə istiqamətlənən səylərini bundan sonra da davam etdirəcəyi qeyd edilib.

Bununla yanaşı, görüşdə qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlərə dair fikir mübadiləsi aparılıb.